22 Oktyabr 2024

Şəhid anasına İcra Başçısından dəstək olsa da problem tam aradan qaldırılmayıb-Bərdədə

Musa Muradlı, Media1 Azərbaycan

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anası Əsli Muradovanın mülkiyyətinə verilmiş əkin sahəsində su qaynadığına görə  təsərrüfat işləri aparmaq olmur. Səbəb də suvarma sistemindən suyun sahəyə süzülməsi və melorasiya drenajların çəkib apara bilməməsidir. Ötən illərdə məsələ ilə bağlı Melorasiya və Su Təsərrüfatı  ASC- yə, onun yerdəki idarəsinə müraciət olunsa da köməklik göstərilməyib. Melorasiya mütəxəsisi çıxış yolu kimi ərazinin  yaxınlığındakı dren kanala qədər “bala kanal” çəkilməsini, qarşıdakı payçıların razılığı olarsa suyun axıdılmasını təmin edəcək  ötürücü yolun açılmasını təklif etmişdilər. Ancaq ki, payçıların razılaşması mümkün olmadığından nəzərdə tutulan planı icra etmək mümkün olmayıb.

Yer sahibi torpağındakı melorasiya problemini həll etmək üçün torpaq daşıtmış, aşağı və yuxarı hissələrdəki hündür yerləri yonmaqla çökəkliklərə vermiş, hamarlama işləri aparmışdır. Ümid etmişdi ki, gördüyü tədbirlərin bir faydası olacaq. Xeyli məbləğdə çəkilən xərcə baxmayaraq problem əvvəlki kimi qalmışdır.

Son günlər əkin sahəsində torpağın sululuğu artdığında problem daha da dərinləşmişdir. Pambıq səpininin aparılması müşkülə çevrilmişdir. 7 hektarlıq əkin sahəsindən 2 hektarına çiyid səpilsə də artan sululuq yenidən gölə çevrilmişdir.Buna da səbəb əvvəlki illərdən fərqli olaraq bu il suvarma kanallarına lazımınca suyun verilməsi olmuşdur. Belə ki, suvarma suyunun bir qismi itkiyə məruz qalmaqla aşağı səviyyələrdə qaynama verir.

Üzləşdiyi çətinliyə görə şəhid anası Əsli Muradova Bərdə rayon İcra Hakimiyyətinə üz tutub. Vətəndaşların qəbulunu idarə edən bina mühafizəçilərinə şəhid anası olduğunu bildirəndə Əsli Muradovaya polis nəfərindən xüsusi diqqət göstərilib. İcra başçısı ilə görüşə növbədənkənar şərait yaradılıb.

İcra başçısı Vidadi İsayevə problem barədə məlumat veriləndən dərhal sonra Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədova köməklik göstərilməsi tapşırılıb.

Bələdiyə sədri Elxan Vəliyev, İcra nümayəndəsinin müavini Yaşa Alıyev payçılarla söhbət aparmış, yekunda payçılar hamılıqla onlara məxsus yerin kənarından suyun ötürülməsinə razılaşmışdılar.

İdarə rəisi Sərdar Əhmədov səhərisi gün sahə rəisi İlyas Mustafayevi texnika təminatı ilə birgə işin görülməsi üçün əraziyə göndərib. Yaxınlıqdakı dren kanaldan əkin sahəsinə doğru qazıntı işlərinin görülməsinə başlanılıb. Əkin sahəsinin içərisində isə torpaq sulu boş olduğuna görə texnikanın hərəkəti etməsi mümkün olmayıb.

Sudan istifadə edənlər Assosasiyasının sədri Əli Məhərrəmov əkin sahəsinə yaxın suvarma arxında məhdudiyyət yaratmaqla torpağın quruması və texnikanın işləməsinə şərait yaradıb.Lakin, buna baxmayaraq Suvarma Sistemləri İdarəsindən göndərilən “ KON” ekskavatoru əkin sahəsinə qazıntı işi aparmaq üçün daxil ola bilməyib,torpağa batmağa meyilli olub.

Sahə rəisi böyük ekskovatorun ötən günlərdə işləyən zaman texniki nasazlığa məruz qaldığını, bu səbəbdən də onu işə cəlb edə bilmədiklərini bildirib.

Onu da qeyd edək ki, drenaja doğru “ bala kanalın” qazılmasından sonra ərazidən su kütləsinin axını müşahidə olunur. Torpağın üzərində yaranan kölməçələr quruyub.

Torpağın palçıqlı olması texnikanın hərəkətinə mane olduğundan işləri tamamlamaq mümkün olmayıb. Sahə rəisi İlyas Mustafayev vaxtaşırı müşahidə aparıb, əlverişli şəraitin yetişdiyində işin davam etdirilərək yekunlaşdırılacağına vəd verib.

Aradan bir neçə gün keçdiyindən indi ərazi qurumaqla iş üçün tam yararlıdır. Ancaq işlərin aparılması üçün gözləməyi məsləhət biliblər.

Nəzərə almaq lazımdır ki, şəhid anası Əsli Muradovanın sahəsində pambığın əkilməsi gecikir,bu səbəbdən də işlərin sürətli, operativ aparılmasına ehtiyac var.

Ümid edək ki, Bərdə Suvarma Sistemləri İdarəsnin rəisi Sərdar Əhmədov bu amili nəzərə alacaq, yarımçıq qalmış işin məmnunluqla başa çatdırılmasına köməklik göstərəcəkdir.