29 Mart 2024

Rusiyaya qazanc dalınca gedənlər üçün böyük tələ

Moskva kasıb ölkələrin vətəndaşlarını orduya cəlb etmək üçün bu addımları atır

Rusiyaya iş dalınca gedib, bu ölkədə vətəndaşlıq alan postsovet ölkələri vətəndaşları çox böyük peşmançılıq içərisindədirlər. Rusiya hakimiyyəti onları Ukraynada aparılan işğalçı müharibəyə cəlb edir. 2022-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin əmri ilə qismən səfərbərlik elan olunduqdan sonra Orta Asiya və Qafqazdan olan əmək miqrantlarının bir çoxu ölkəsinə qayıtmağa çalışıb. Lakin onlardan hərbi xidmətə yararlı olanları sərhəd keçid nöqtələrindən geri qaytarıblar.

Rusiyadan çıxışına imkan verilməyənlər arasında taciklər, qırğızlar, özbəklər, azərbaycanlılar da var. Ötən əsrin 80-ci illərində Rusiyada hərbi xidmət keçib, daha sonra taleyini bu ölkə ilə bağlayan M.Ş. dekabrda Bakıya – anasının hüzr mərasiminə gəlmək istəyib. Quru yolu bağlı olduğu üçün bahalı təyyarə bileti almağa məcbur olan həmsöhbətimizi hava limanında Rusiya Sərhəd Xidmətinin əməkdaşları buraxmayıblar. Məlum olub ki, adı səfərbərlik siyahısındadır. Deyir, Sovet ordusunda aşpaz köməkçisi olub, hərbi xidmətdən sonra Rusiyada qalaraq bu sahədə çalışıb. İndi də aşpaz olan soydaşımız təəccüblənir ki, Rusiya ordusunda aşpaz çatışmazlığı var: “Səfərbərlik ordunun əsas ehtiyac duyduğu ixtisaslar üzrə aparılır deyirlər. Mən aşpazam, belə çıxır ki, orduda aşpaz tapılmır”…

Daha bir həmsöhbətimizin qardaşı Z.A. 3 il əvvəl xanımı ilə birlikdə Rusiyaya gedib. Bu müddətdə bir neçə dəfə vətəndaşlıq almaq üçün müraciət etsə də, müsbət cavab verilməyib. Nəhayət, yanvar ayının əvvəlində müraciətinə müsbət cavab gəlib. Qardaşı deyir, orada 1 övladı dünyaya gələn qardaşı vətəndaşlıq aldığına görə çox sevinib, ona zəng vuraraq sevincini bölüşüb: “Bir həftədən sonra mənə zəng vurdu ki, ona vayenkomatdan xəbərdarlıq gəlib ki, yaşayış yerini dəyişsə, ora məlumat versin, ordunun  tələbatı olarsa, hərbi xidmətə səfərbər ediləcək. Qardaşım gedib vayenkomata ki, mən cəmi bir həftədir vətəndaşlıq almışam, deyiblər, dəxli yoxdur – Rusiya vətəndaşısansa, çağırış olsa getməlisən”.

Rusiyaya işləməyə gedənlər geri göndəriləcək - FED.az

Ukraynada müharibə başlayandan Qərb mənbələri Rusiyanın əlavə səfərbərliyə gedəcəyini yazsalar da, Moskva rəsmiləri bunu daim inkar edirdilər. Lakin ötən ilin sentyabrında Putin qismən səfərbərlik haqqında əmr imzaladı. İndi isə Qərb mənbələri Rusiyada ümumi səfərbərlik elan olunmasına hazırlıq getdiyini yazırlar. Bu isə Rusiyada yaşayan digər xalqaların nümayəndələrini qorxuya salır: axı qismən səfərbərlikdə çağırılanlar arasında ruslar çox böyük azlıqdadır. Rusiya hakimiyyəti məhz digər xalqların nümayəndələrini Ukraynadakı müharibəyə daha çox cəlb edir. Bunun əsas səbəbi kimi Qərb mənbələri hakimiyyətin rus əhalisinin narazılığından ehtiyatlanmasını qeyd edirlər. Lakin burada sayı onsuz da azalan rusların qorunması amili də az rol oynamır.

Ukraynaya qarşı işğalçı hücumdan sonra Rusiyada vətəndaşlıq almaq istəyənlərin sayında azalma olsa da, belələri hələ yüz minlərlədir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2021-ci ildə bu ölkədə vətəndaşlıq alan 735 min 385 nəfərin (2020-ci illə müqayisədə 79 min nəfər çox) 376 min nəfəri  və ya 51 faizi Ukraynanın indi ilhaq olunmuş Donbas regionu sakinləri, 103,7 min nəfəri, yaxud 14,1 faizi taciklər, 49,9 min nəfər, yaxud 6,8 faizi qazaxlar, 46,9 min nəfər, yaxud 6,4 faizi ermənilər, 31,9 min  nəfər, yaxud 4,3 faizi özbəklər olub.

Bundan əlavə, 2021-ci ildə Rusiyada miqrasiya orqanlarında qeydiyyatdan keçənlərin sayında kəskin artım qeydə alınıb: 2020-ci ildəki 9 milyon 802 min 448 nəfərə qarşı 13 milyon 392 min 897 nəfər.

2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyada vətəndaşlıq alanların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7 min nəfər azalaraq 550 min nəfər təşkil edib. Bunların 260 min nəfəri Donbas sakinləri, 120 min nəfəri tacik, 33 min nəfəri erməni olub. Beləliklə də hesabat dövründə Rusiya vətəndaşlığı alan taciklərin sayı əvvəlki illə müqayisədə 2 dəfəyə yaxın artıb, ermənilərin sayı isə 1,4 min nəfər azalıb.

Son illərdə postsovet ölkələrindən Rusiyada vətəndaşlıq alanların sayı ciddi şəkildə artıb. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 23 min nəfərə çatıb. Ermənilərdə bu artım 17 mindən 34 minə, gürcülərdə 1,9 mindən 3,8 minə, qırğızlarda 6,7 mindən 13,3 minə yüksəlib. Lakin 2022-ci ildə vəziyyət dəyişib. Ötən ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı 5290 nəfər, ermənilərin sayı 1357 nəfər, belarusların sayı 6427 nəfər, gürcülərin sayı isə 1191 nəfər azalıb. Bu sahədə artım  yalnız Mərkəzi Asiyanın iki kasıb ölkəsi üzrə baş verib: Tacikistan və Qırğızıstan. Qırğızıstandandan Rusiyada vətəndaşlıq alanların sayında artım 23 faiz, Tacikistandan gedənlərdə isə 72 faiz təşkil edib.

2022-ci ildə Qərbin ən ağır sanksiyalarına məruz qalan, Ukraynada qanlı müharibə aparan Rusiyada digər postsovet ölkələrindən vətəndaşlıq alanların kəskin azalmamasının əsas səbəbi qanunvericiliyə vətəndaşlıq almaq prosedurunu asanlaşdıran dəyişikliklərin edilməsi sayılır. Belə ki, əvvəllər Rusiyada vətəndaşlıq almaq üçün gərək bir müddət yaşamaq icazəsi ilə ölkədə yaşayardın. 2022-ci ildən  isə Rusiya ordusunda 1 il xidmət keçən hər kəs rahatlıqla vətəndaşlıq alır. Bəzi məlumatlara görə, ötən il bu yolla vətəndaşlıq almaq üçün Rusiya ordusunda hərbi qulluğa başlayanlar arasında taciklər böyük üstünlük təşkil edir.

Bundan əlavə, Rusiya rəsmi qurumlarının məqsədyönlü şəkildə  çağırış yaşlı kişilərin ölkədə vətəndaşlıq almaq məqsədli müraciətlərinə qısa müddətdə müsbət cavab verdikləri bildirilir. Təsadüfi deyil ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin Rusiya vətəndaşlığı almaq istəyən miqrantlara yalnız hüquqlar deyil, ölkə qanunvericiliyinə uyğun vəzifələr də yaratdığını, bunlardan birinin də Rusiya Silahlı Qüvvələrində xidmət keçmək olduğunu deyib. Onun sözlərinə görə, Rusiya dövləti asanlaşmış vətəndaşlıq proseduru tətbiq etməklə xarici ölkə vətəndaşlarının müqavilə əsasında hərbi xidmətə qəbulunu stimullaşdırır: “Statistika göstərir ki, xaricilər kütləvi şəkildə hərbi xidmətdən yan keçməklə Rusiya vətəndaşlığı alırlar. Son 5 ildə Cənubi Qafqaz və Orta Asiya ölkələrindən belə vətəndaşlıq alanların sayı 1 milyon nəfərdən yuxarı olub ki, onların 550  min nəfərdən çoxu keçmiş Tacikistan, Özbəkistan və Qırğızıstan sakinləridir. Təkcə 2022-ci ilin ilk yarımilində bu ölkədən olan 60 min nəfərdən yuxarı şəxs Rusiya vətəndaşlığı alıb. Bu isə yalnız hüquqlar deyil, onları qəbul edən ölkəni müdafiə etmək kimi konstitusiya vəzifəsi də deməkdir. Bu baxımdan, yeni vətəndaşlıq alanların xüsusi hərbi əməliyyata (Ukraynadakı müharibə nəzərdə tutulur -red.) cəlb olunmasına prioritet qaydada baxılması məqsədəuyğundur”.

Rusiya İnsan Hüquqları Şurasının sədri Valeyir Fadeyev isə bəyan edib ki, vətəndaşlığa qəbul edilən şəxslərin hərbi çağırış yaşını 45-50-yə qaldırmaq lazımdır: “Hazırı qanunvericiliyə əsasən onlardan yaşı 27-dən yuxarı olanlar hərbi çağırışa cəlb olunmurlar. Bu isə o deməkdir ki, həmin şəxslər hərbi ixtisaslaşma keçərək ordunun ehtiyatlarına daxil edilə bilmirlər”.

Fadeyev həmçinin təklif edir ki, Rusiyaya gəlmə olan və hərbi vəzifələrinin icrasından qaçan şəxslərin yalnız özləri deyil, ailə üzvləri də vətəndaşlıqdan xaric edilməlidir.

Bu arada məlum olub ki, Rusiyada 2022-ci ilin sentyabrından sonra hərbi xidmətə qəbul olunanlara əvvəlcədən orduda xidmət keçənlərdən daha çox pul verilir. Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutskinin verdiyi açıqlamaya görə, 21 sentyabrdan sonra səfərbər olunan şəxslərin aylıq maaşı minimum 37 min rubl, aldıqları aylıq sosial ödəniş 158 min rubl olmaqla ümumilikdə 195 min rubldan yuxarı pul alırlar. 21 sentyabra qədər Rusiya Müdafiə Nazirliyi ilə müqavilə əsasında hərbi xidmət keçənlərin aldığı pul isə aylıq 90 min rubldan yuxarı deyil.

Bundan əlavə, Ukraynada olan Rusiya hərbçiləri hər gün üçün 3689 rubl, ayda minimum 110 min rubl alırlar. Bilavasitə aktiv hücum əməliyyatlarında iştirak edənlərə bundan əlavə gündəlik 8 min rubl verilir. Beləliklə, Ukrayna ərazisində hərbi əməliyyatda iştirak edən sıravi hərbçi 159-195 min rubl, zabitlər isə 210-282 min rubldan yuxarı pul alırlar.

Rusiya qanunvericiliyinə əsasən döyüşlərdə yaralananlara 3 milyon, ölənlərə və birinci qrup əlil olanlara 5 milyon rubl birdəfəlik ödəmə nəzərdə tutulur.

Könüllü döyüşlərə qatılan şəxslər müqavilə imzalanan kimi federal büdcədən 195 min rubl həcmində birdəfəlik yardım alırlar. Bundan əlavə, onlara qubernator büdcəsindən 50-300 min rubl arası daha bir ödəniş edilir.

Bundan əlavə, veteran adı alan, həmçinin əlil olanlar mənzil-kommunal xidmətlərinə görə ödənişlərdə 50 faiz güzəşt, pulsuz səhiyyə, reabilitasiya və sair xidmətlər almaq hüququna malikdirlər.

Bütün bu güzəşt və ödənişlər müqabilində Rusiyanın köklü əhalisi arasında Ukraynadakı işğalçı müharibədə iştirak etmək istəyənlərin sayı elə də çox deyil. Xüsusilə milliyyətcə rus olanlar müharibəyə qatılmaqdan imtina edirlər. Sonradan Rusiya vətəndaşlığı alan qeyri millətlərin nümayəndələri isə hazırda bu ölkədə tələyə salınmış vəziyyətdədirlər. Onların ölkədən çıxışına imkan verilmir. Bu gün Rusiya faktiki olaraq kasıb ölkələrin yoxsulluqdan qurtulmaq üçün yollar axtaran sakinlərinə möhtac qalıb. Belələrini orduya cəlb etmək üçün atılan stimullaşdırıcı addımlar məhz bu əlacsızlıqdan irəli gəlir. Belə gedərsə, yaxın vaxtlarda Rusiya ordusunda əfqanların da yer almasının şahidi olacağıq…

Dünya SAKİT