Rusiyalı politoloqlar müttəfiqlik haqqında bəyannaməni şərh etdilər
Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanıb. Bu, iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələyə çevrilib.
Rusiyalı polioloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi rəhbəri Anton Bredixin Trend-ə bildirib ki, bəyannamənin imzalanması ilə iki ölkə arasında təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat sahələrində münasibətlər yeni səviyyəyə çıxır.
“Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə geniş spektrli məsələlərə, eləcə də qarşılıqlı fəaliyyətin problemli nöqtələrinə də toxunur. Bəyannamə Moskva ilə Bakının münasibətlərini Moskva ilə İrəvanın münasibətləri ilə tarazlaşdırır. Azərbaycan onsuz da Rusiyanın strateji müttəfiqidir, indi isə münasibətlər təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat sahələrində yeni səviyyəyə çıxır”, – deyə o bildirib.
O, həmçinin qeyd edib ki, bəyannamədə Qarabağın gələcək inkişafı yolları və Rusiyanın bu prosesdə iştirakı müəyyən edilib.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova qeyd edib ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı və dərinləşməsinin möhkəm təməlini qoyur.
“Bəyannamə münasibətləri yeni səviyyəyə çıxarır. Vurğulamaq lazımdır ki, bu hüquqi sənəddə liderlər münasibətlərin müttəfiqlik xarakterinə sözdə deyil, həm də əməldə sadiq olduqlarını ifadə edir. Liderlərimiz arasında münasibətlər təkcə işgüzar deyil, həm də dostluq səviyyəsindədir. Onlar arasında müxtəlif məsələlər üzrə qarşılıqlı anlaşma mövcuddur, ona görə də bəyannamənin imzalanması yeni layihələrin inkişafı üçün təkan verəcək”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycanın Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə razılaşması olduğu vaxtda Türkiyə ilə müttəfiqlik münasibətləri olması vacibdir.
“Ona görə də Azərbaycan Rusiya ilə Türkiyə arasında körpü qismində çıxış edə, Moskva-Bakı-Ankara üçbucağını yarada bilər. Bu, həm siyasi, həm də iqtisadi baxımdan səmərəlidir. Əgər Türkiyə də daxil olmaqla ölkələrimiz arasında bu cür qarşılıqlı fəaliyyət olarsa, iqtisadi və siyasi layihələrin inkişafı üçün böyük potensial meydana çıxacaq”, – D.Qrevtsova deyib.
Bəyannamə çərçivəsində gözlənilən konkret addımlar barədə danışan politoloq bildirib ki, bunlar ilk növbədə Qarabağın bərpasına yönəlmiş iqtisadi layihələr, eləcə də Rusiya şirkətlərinin kommunikasiyaların açılmasında və yəqin ki, Zəngəzur dəhlizinin inkişafında iştirakı ola bilər.