11 Oktyabr 2024

Rusiya Zəngəzurda təcili konsulluq açır, ordu da yerləşdirə bilər…

Paşinyan Putini Azərbaycanın “Ermənistana ərazi iddiası var” yalanına inandırıb, yoxsa Kreml Zəngəzura yerləşmək üçün fürsət əldə edib?

Rusiya Zəngəzurda konsulluq açacaq. “Yeni Müsavat” xatırladır ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Moskvada erməni-rus ekspert dəyirmi masada çıxışı zamanı deyib.

“Paşinyan və Putin arasında mayın 25-də Moskvada baş tutan ikitərəfli görüşdə Ermənistan tərəfi Rusiyanın Sünikdə (Zəngəzur – red.) konsulluğunun açılmasına razılıq verib”, – Paltov bildirib. Rus diplomat onu da bildirib ki, konsulluğun açılması üçün ən azı bir il çəkəcək uzun prosedurlardan keçmək lazım gəlməyəcək, sadələşdirilmiş sxemdən keçməklə bu, reallaşdırılacaq. Paltov vurğulayıb ki, prosedurları icra etmək üçün bölgəyə müvafiq şəxslər göndərilməsi qərara alınıb.

Platov deyib ki, iyunda Zəngəzura səfər edəcəklər: “Məqsəd təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə verməkdir. Ümid edirəm ki, iyundakı səfərimiz səmərəli olacaq”.

Yada salaq ki, İran da ötən ilin oktyabrında Zəngəzur vilayətinin Qafan rayonunda konsulluq açıb. Açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan şəxsən iştirak edib. O, konsulluğun açılış mərasimində çıxışı zamanı Ermənistanla bağlı təriflər yağdırıb. İkitərəfli əməkdaşlıqdan söz açan nazir Ermənistanın təhlükəsizliyinin İran üçün vacib olduğunu söyləyib: “İran hökumətinin Qafanda konsulluğunun açılması ilə bağlı qərarı reallığa çevrildi. İran Ermənistanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”.

Rusiyanın Zəngəzurda konsulluq açmaq qərarının Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə razılaşdırılması diqqət çəkir. Çünki məhz bu görüşdən bir neçə saat əvvəl Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında Zəngəzur narahatlığını dilə gətirmişdi. Prezident İlham Əliyevin “Biz həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük” sözlərini Paşinyan ölkəsinə qarşı “ərazi iddiası” kimi qiymətləndirmişdi. Prezident Əliyev Paşinyanın diqqətinə bunları çatdırmışdı: “”Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Prezidentin “Zəngəzur dəhlizinin açılmasını Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəkləyir” sözləri də Paşinyanı sakitləşdirməmişdi, “mən ilk dəfədir bunu eşidirəm” demişdi. Putin isə “terminologiya başqa sözlə hüquqi texnikadır, dəhliz, digərləri, digərləri – bu, vacibdir və burada müəyyən ziddiyyət var. Lakin daha vacib olanı indi Sizin – həm Azərbaycan Prezidentinin, həm Ermənistan baş nazirinin dediyi kimi prinsipial məsələ ərazi bütövlüyü məsələsidir”, – deyə Paşinyanı sakitləşdirməyə çalışmışdı.

Amma belə görünür ki, Putinlə Paşinyanın görüşündə erməni baş nazir Zəngəzur qorxularını dilə gətirib. Bundan dərhal sonra Rusiyanın Zəngəzurda tezləşdirilmiş prosedurla konsulluq açması diqqət çəkir. Paltovun “Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə verməkdir” sözləri daha çox diqqət çəkir. Maraqlıdır, Moskvanın bu tələskənlik və təhlükəsizlik hazırlığı nə deməkdir? Paşinyan Putini Azərbaycanın “Ermənistana ərazi iddiası var” yalanına inandırıb, yoxsa Rusiya bunu Zəngəzura oturmaq üçün fürsət bilir?

İrandan sonra Rusiyanın bu bölgədə konsulluq açması 1990-cı illərdə Qarabağda müşahidə olunan geosiyasi mübarizənin indi Zəngəzura keçdiyini göstərir. Bu baxımdan, rəqabətin artması nəticəsində Fransa, ABŞ və digər ölkələr də Zəngəzurda konsulluq açmaq qərarını elan edə bilər. Yəni Rusiya, ABŞ, Avropa İttifaqı, Fransa, İran, Türkiyə kimi güclər arasında Ermənistan və Zəngəzur uğrunda geosiyasi mübarizə artır. Konsulluq məsələsi prosesin hələlik diplomatik müstəvidə getdiyini göstərir. Növbəti mərhələdə isə bu qarşıdurma hərbi müstəviyə keçə bilər. Bu dəyərləndirmələr, təhlillər nə dərəcədə real görünməkdədir? Rusiya və İranın konsulluqlar açması Zəngəzur dəhlizinin işə düşməsinə əngəl ola bilərmi? Hərçənd bu nəqliyyat kommunikasiyalarının bərpası Moskvaya lazımdır…

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” -  27.09.2021, Sputnik Azərbaycan

Tofiq Abbasov

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, konsulluq açılması Rusiyadan Ermənistana “kökə” verilməsidir.  Onun fikrincə, ermənilər regionda və beynəlxalq aləmdə işlək tərəf kimi özlərini təsdiqləmədilər: “Ermənilər yalnız ağlayır, sızlayır, çağırışlar edirlər ki, Azərbaycan belə elədi, elə elədi. Ona görə Rusiya Ermənistana “kökə” verir ki, biz sizi satmırıq. Bundan başqa nə ola bilər? Axı Ermənistanın Zəngəzurda hansı xüsusi qabiliyyəti var ki, orada konsulluqla nəsə etsin?! Kiçik bir ölkədir və konsulluq açılanda da vəzifələrinin nədən ibarət olduğu məlumdur. Digər tərəfdən, Rusiya vətəndaşlarının Zəngəzura hansı belə kütləvi səfərləri olur ki, orada konsulluğa ehtiyac olsun? Sadəcə, bu kiçik “kökə” ilə ermənilərə dedilər ki, sizinlə işləyəcəyik”.

T.Abbasov hesab edir ki, Ermənistan faktiki  Rusiyanın region forpostudur: “Rusiya müdafiə naziri Sergey Şoyqu da Ermənistanla bağlı bildirdi ki, missiya göndəriləcək. Yəni bölgədə Qərbin və ya üçüncü qüvvənin güclənməsinə imkan verməyəcəyik. Hətta Avrasiya İqtisadi Birliyin toplantısında Putin dedi ki, Ermənistanda 12 faiz artım var, biz onlara çata bilmirik. Bu, lətifə idi. Çünki o artım Rusiyadan Ermənistana gedənlərin hesabına idi. Bu təsadüfi canlanmadır və onunla da bitəcək. Çünki Ermənistanda 5 faizdən çox artım olmamışdı. Üstəlik, Ermənistan yeganə dövlətdir ki, xaricdən gələn ianələr var. Ona görə Zəngəzurda konsulluq açılması sıradan hadisədir. Konsulluğun açılması ilə erməniləri qorumaq imkanı yoxdur. Ümumiyyətlə, prinsipial məsələlər olanda liderlər hamının qarşısında danışmırlar. Üçtərəfli görüşdə Rusiya lideri xatırlatdı ki, Zəngəzur dəhlizi açılacaq. Ermənistan hakimiyyətinin oradakı səlahiyyətləri nəzərə alınmayacaq. Bu konsulluğun açılması ilə İrəvanı razı salırlar ki, “səninlə müttəfiqəm, səni tək qoymayacam””.

Siyasi təhlilçi Yeganə Hacıyevanın sözlərinə görə, Zəngəzur layihəsi daha çox regional dəhliz kimi nəzərdə tutulsa da, qlobal daşımalarda  vacib tranzit keçid hesab edilir: “Bu keçidin mühüm hissəsi isə Azərbaycan ərazisinə düşür. Azərbaycan da öz növbəsində Zəngəzur dəhlizi ilə bağlı konstitusiyanın tələblərinə və beynəlxalq hüququn prinsiplərinə uyğun davranacağını bəyan edib. 2020-ci il 10 noyabr bəyanatı ilə müharibə bitib və Rusiya həm Zəngəzur, həm də Laçın dəhlizində təhlükəsizliyi təmin etməyə dair öhdəlik götürüb. Amma bu öhdəlik birtərəfli qaydada həyata keçirildi. Zəngəzur dəhlizi hələ açılmayıb və Ermənistan öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, yolun bir hissəsini qismən düzəldib, üstəlik, hələ açılmayan Zəngəzur dəhlizi üçün Qərbdən maliyyə alıb”.

Sorosun çörəyini ölkəmizdə kimlər yeyir - Siyavuş Novruzovun siyahısı

 Yeganə Hacıyeva

Y.Hacıyeva deyir ki, sonrakı mərhələdə Zəngəzurda İran konsulluq açıb, indi isə Rusiya bu qərara gəlib: “Rusiyanın yanlış davranışı nəticəsində, yəni üçtərəfli bəyanatın bəndlərini sədaqətlə yerinə yetirmədiyinə, öz imzasına sədaqətli olmadığına görə Moskvanın bu regionda mövqeyi Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının mühafizəsi altında dəhliz açmaq statusundan konsulluq səviyyəsinə düşüb. Yəni Rusiya Zəngəzur dəhlizində təhlükəsizliyi təmin etmək statusunu itirir və bu yoldan başqaları kimi yalnız istifadəçi kimi yararlana biləcək. Zəngəzur dəhlizi ideyası Azərbaycana məxsusdur və sərhədlərimizin təhlükəsizliyi məqsədilə iqtisadi bufer zonanın yaradılması məqsədi daşıyır. Bu da Azərbaycan vətəndaşlarının Naxçıvana və əks istiqamətdə sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır. Rusiyanın konsulluq açmaq qərarı bu ölkənin Zəngəzur dəhlizi üzərində mövqelərini itirdiyindən xəbər verir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”