20 İyul 2024

Rəşadətli Ordumuzun növbəti zəfəri

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri rəşadətli Ordumuzun gücünün, qüdrətinin dünyaya təqdimatı oldu. Ölkəmizin tətbiq etdiyi taktika bu gün də beynəlxalq ekspertlər tərəfindən öyrənilir, dərsliklərə salınmasının vacibliyi bildirilir. Azərbaycan Ordusu sentyabrın 19-da növbəti dəfə üzərinə düşən missiyanı şərəflə yerinə yetirərək imza atdığı zəfəri ilə dünyanın diqqətində oldu. Silahlı Qüvvələrimiz Qarabağ bölgəsində lokal antiterror tədbirlərinin uğurla başa çatdırmağa nail oldu. Belə ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Lokal antiterror tədbirlərinin qısa zamanda, bir gün ərzində uğurla həyata keçirilməsi Ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir.  

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu mühüm məqamı xüsusi qeyd etdi. “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər” söyləyən ölkə Prezidenti onu da əlavə etdi ki, ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və işğalçı dövlətin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika sıradan çıxarıldı.

Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını ərazimizdən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Cənab İlham Əliyevin xalqa müraciətində bu məqamlar da xüsusi qeyd edildi ki, Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. Halbuki dəfələrlə həm Ermənistan rəhbərliyi ilə təmaslar əsnasında, eyni zamanda, beynəlxalq tədbirlərdə yüksək kürsülərdən bu məsələyə xüsusi diqqət yönəldilərək Azərbaycan dövləti haqlı narazılığını ifadə etmişdir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat, əslində, Ermənistan dövlətinin kapitulyasiya aktı idi. Bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi.

Azərbaycan Ordusu növbəti zəfəri ilə bir daha sübut etdi ki, müstəqilliyimizə, suverenliyimizə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Ölkəmiz hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin məhz bu prinsiplər əsasında nizamlanmasına səy göstərir. Lokal antiterror tədbirlərinin uğurlu nəticələri üç ilə yaxın dövrdə sülh müqaviləsinin imzalanması ilə bağlı bütün maneələrin aradan qaldırılmasına böyük əminlik yaradır. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır və üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. 

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri