25 Aprel 2024

Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16 tarixlərində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun   müzakirəyə çıxardığı məsələlər, səsləndirilən çağırışlar və onların fonunda formalaşan ümidlər bu gün də diqqət mərkəzindədir. Dünyanın qlobal problemlərinin ölkəmizdə müzakirə olunması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır. Ümumilikdə Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Elə ay, həftə yoxdur ki, paytaxt Bakı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsin, yaxud Azərbaycan diplomatik uğurları ilə diqqətdə olmasın.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirdi ki, “Parçalanmış dünyanın bərpası” adı altında görüşürük. Dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var. Əslində, biz təhlükənin hökm sürdüyü vaxtda görüşürük. Lakin bizim görüş, həmçinin vədlər dövrünə də təsadüf edir. Təhdidlər ətrafdadır, yeni dünya düzəni yarandığı bir dövrdə böyük güclər formalaşmış düzənin quruluşunu parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunurlar. O da qeyd edildi ki, qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Lakin, eyni zamanda, elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasındayıq. Süni zəka hazırda hər şeyə təsir göstərir. O, bütün sahələrdə innovasiya tempini sürətləndirir və bütün növ mürəkkəb problemlərin həllinə yardım edir. İKT inqilabı yeni biologiya sahəsində yeni inqilabla müşayiət olunur. Elmə, texnologiyaya, innovasiyaya yönələn yeniləşmə prosesi elmin perspektivlərini qavramağa, konkret olaraq xəstəliklərin müalicəsi, aclığa qarşı mübarizə, təbiətə ahəngdar olacaq inkişafımızın yenidən müəyyən edilməsi, layiqli iş yerləri, özünüifadə üçün miqyasın yaradılması kimi məsələləri anlamağa yardım edir.

Qeyd edək ki, “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak etdi. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə diqqət yönəldildi. Qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı.

İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşdü. 70-dən çox   ölkənin Forumda təmsil olunması bu tədbirin miqyasının getdikcə genişlənməsinin göstəricisidir. Qlobal Bakı Forumunun əsas məqsədi də dünyanı narahat edən prioritet məsələlərin müzakirəsidir. Azərbaycanın beynəlxalq əhəmiyyətli   tədbirlərin keçirildiyi məkan kimi nüfuz qazanmasında ölkəmizdə mövcud sabitlik əhəmiyyətli rol oynayır. Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsini təklif etməsi və  bunun reallığa çevrilməsi istiqamətində səylər göstərməsi də deyilənlərin təsdiqidir. Bu çağırış belə bir ümidə əsas verir ki, Ermənistan tezliklə ona verilən şansı dəyərləndirəcək və regionun sülh, təhlükəsizlik və əməkdaşlıq dövrü başlayacaq.

Bu məsələlər dövlət başçısı İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze, onun ardınca isə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşlərində, mətbuata bəyanatlarında da geniş müzakirə edildi.  İrakli Kobaxidzenin Baş nazir vəzifəsində fəaliyyətə başlamasından dərhal sonra Azərbaycana rəsmi səfər etməsi münasibətlərimizin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. “Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur” söyləyən dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.

Görüşlərdə əsas diqqət göstərilən məsələlərdən biri də Azərbaycanın cari ildə COP29-a ev sahibliyi etməsi barədə qərarın qəbul edilməsi və ölkəmizin bu mötəbər tədbirə hazırlıq işlərinə başlaması oldu. NATO-nun Baş katibi Yens Stoltenberq bildirdi ki, Azərbaycanda keçiriləcək növbəti COP görüşünü çox səbirsizliklə gözləyir. İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və onun fəsadlarını dünyanın hər yerində, o cümlədən Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda alternativ enerjiyə sərmayə yatırır. COP29 çox mühüm tədbir olacaq.

Qısa təhlil əsasında görürük ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeləri möhkəmlənir. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycanın bu gün dünya birliyində sözünün imzası qədər dəyərli olması diqqətdən kənarda qalmır. Bu, düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri