20 Aprel 2024

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ictimai müzakirəsi olub – Fotolar

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcmasının (QAİ) Qayıdış Konsepsiyasının ictimai müzakirəsi keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə QAİ-nin İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı, İcmanın İdarə Heyətinin və Qadınlar İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mahirə Hüseynova, QAİ İdarə Heyətinin üzvü, deputat Etibar Əliyev, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli, Qadınlar Şurasının üzvləri, Bakı Dövlət Universitetinin (BDU) professorları Firuzə Abbasova və Şəkər Məmmədova iştirak ediblər.

Tədbirdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı geniş müzakirələr aparılıb.

Çıxış edənlər Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının sülh və danışıqlar yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə təmin olunması, onlara maddi təzminatın verilməsi, reabilitasiya və reinteqrasiya olunmasında Ermənistan hökumətinin məsuliyyəti və BMT-nin bu məsələdə məsuliyyəti, rolu barədə danışıblar.

Müzakirələrdə Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasında bir qrup ziyalı ilə görüşündə, eləcə də bu il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə Qayıdışla bağlı səsləndirdiyi fikirlərin hər bir azərbaycanlının yol xəritəsi olduğu vurğulanıb.