27 İyul 2024

Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir

Azərbaycan həmişə Türk dünyasının sıx birliyinə öz töhfəsini verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri arasında qarşılıqlı dəstək və həmrəylik mühitinin formalaşması və inkişafı bütün dövrlər üçün əsas çağırışlar sırasındadır. Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqaməti olan Türk dünyasının birliyi, həmrəyliyi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışında özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarının miqyasının genişləndiyi göz qabağındadır. Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi istəyi qarşılıqlı səfərlər zamanı əməkdaşlığın gələcək inkişafı ilə bağlı təqdim edilən yol xəritələri, imzalanan sənədlər vasitəsilə reallığa çevrilir.

Dövlətimizin başçısı İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri bir daha bu kimi məqamların açıqlanmasına yardımçı oldu. Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud və geniş tərkibdə görüşləri zamanı gündəmdə saxlanılan məsələlər, imzalanan çoxsaylı sənədlər, dövlət başçılarının mətbuata birgə bəyanatları, eyni zamanda, səfər çərçivəsində Astanada Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı və sair kimi mühüm məqamlar iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Prezident Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, Azərbaycan Qazaxıstan üçün, sadəcə, mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. İki ölkə arasında çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə əsaslanaraq səmərəli dövlətlərarası əməkdaşlıq formatı yaradılıb. Bu gün bu əməkdaşlıq əsl strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində inkişaf edir. Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşıb.

Xalqlarımızı əsrlər boyu sarsılmaz dostluq və qarşılıqlı hörmət telləri bağlayır. Tarixi köklər, coğrafi yaxınlıq və çoxillik sıx əlaqələr iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün zəmindir. Hər iki tərəf qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Qarşılıqlı səfərlər zamanı, ayrı-ayrı sahələrin inkişafını nəzərdə tutan sənədlərin imzalanması, dostluq, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mühüm təkliflərin səsləndirilməsi bunun təsdiqidir. Şübhəsiz ki, ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad əsas amildir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. Keçən il isə Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, həmçinin 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” imzalanmışdır. Şübhə yoxdur ki, bu sənədlər, ikitərəfli münasibətlərin gələcək inkişafında öz sözünü deyəcək. Hər bir sənəd əlaqələrin inkişafında yeni istiqamət, ən əsası hüquqi bazadır. Sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası fonunda münasibətlərin inkişaf coğrafiyası daha da genişlənir. Hazırda iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.

“Əməkdaşlığın istiqamətlərinə gəldikdə isə, onların sadalanması yəqin ki, çox vaxt tələb edərdi, çünki bu istiqamətlər praktiki olaraq həyatımızın bütün sahələrini əhatə edir”, – söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Məhz humanitar əlaqələr dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir.

Bu dostluğu, qardaşlığı, müttəfiqliyi tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də görürük. Dost ölkə tərəfindən Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilir. Bu mühüm addım xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq. Ümumilikdə möhtərəm Prezidentimiz İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ölkələrimizin müttəfiqlik münasibətlərində yeni səhifənin başlanğıcıdır. Təbii ki, iki ölkə arasında əlaqələrin geniş təbliğində mətbu orqanların da üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan media sahəsində qarşılıqlı fəaliyyət qardaş xalqlarımızın daha da yaxınlaşmasına böyük töhfə verə bilər. Heç şübhə yoxdur ki, “Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”un imzalanması bu sahədə fəaliyyətin genişləndirilməsinə yol açacaq. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək.

Tamerlan Qaragözov

YAP Ağstafa rayon təşkilatının əməkdaşı