27 İyul 2024

“Qadınları, anasını qətlə yetirənlərə ömürlük həbs verilsin” – hüquq müdafiəçisindən çağırış

Azərbaycanda fevral ayının 20 günü ərzində kütləvi informasiya vasitələrində qadın qətlləri ilə bağlı xəbərlər dərc olunub. Xəbərlərin monitorinqi əsasında 20 gün ərzində 8 qadın qətlinin baş verdiyini müəyyən edilib. Qadınlardan kimisi ər, keçmiş ər, sevgilisi, kimisi isə qardaşı tərəfindən qətlə yetirilib.

Çox təəssüf ki, sonuncu, fevralın 19-da Abşeron rayonu Xırdalan şəhərində baş verən hadisədə 24 yaşlı oğul anasını xüsusi amansızlıqla qətlə yetirib. Belə ki, 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə 1974-cü il təvəllüdlü anası Mehriban Hüseynovaya əvvəlcə 21 bıçaq zərbəsi vurub. Daha sonra o, xüsusi amansızlıqla anasının bədən üzvlərini ayıraraq sellofan torbalara yığıb. Qadının meyiti hissələrə bölünmüş halda torbada evdə aşkar edilib. İddialara görə, istədiyi qızı ona almadığı üçün oğul anasını bu cür amansızlıqla qətlə yetirib.

Eləcə də fevralın 19-da Tərtər rayonunda baş verən dəhşətli qətl qan dondurub. 1969-cu il təvəllüdlü Asəf Məmmədov 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Məmmədovanı və həyətlərində usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi qətlə yetirib. Əvvəlcə qətlin qısqanclıq zəminində baş verdiyi deyilsə də, sonradan hadisənin bəzi təfərrüatları məlum olub. İddialara görə, Asəf Məmmədovun qətli törətməkdə başqa niyyəti də olub…

Belə ki, əri tərəfindən qətlə yetirilən mərhum Gülnar Məmmədovanın qohumları Moderator.az-la əlaqə saxlayaraq baş vermiş dəhşətli hadisənin bəzi təfərrüarlarını çatdırıblar. Bəlli olub ki, sən demə, cinayətkar izi azdırmaq və törətdiyi ağır cinayəti yüngülləşdirmək üçün öz aləmində hiyləgər bir yola əl atıb:

“Gülnar Məmmədova öz namusu, ləyaqəti, bacarığı və işində peşəkarlığı ilə seçilən bir şəxs olub. Həyat yoldaşı illərdir Topazda qumar oynayıb və heç cür onu bu bəladan çəkindirmək mümkün olmayıb. Nəticədə külli miqdarda pul uduzub və hər dəfə mərhum həyat yoldaşını gah dilə tutmaqla, bu alınmadıqda hədə-qorxu gəlməklə pul alaraq, bəzən hətta qızı-zinət əşyalarını satdıraraq qumardakı borcunu ödəyirmiş. Üstəlik, mərhum həyat yoldaşının qardaşları da kürəkənin hərəkətlərindən boğaza yığılıblarmış və bəzən onlar da qatilin borcunu ödəmək üçün ona pul verirmişlər. Qətli gecə saat 4 radələrində törədib və yatdığı yerdə Gülnar Məmmədovanın boğazını kəsib.

Novella Cəfəroğlu: “Xarici qrantlarla ev, kostyum alırlar” - Reportyor

Novella Cəfəroğlu: “Əgər qadın sənə xəyanət edibsə, boşa, ya da ayrıl, daha niyə onu qətlə yetirirsən?!”

Sonuncu dəfə qətldən bir həftə qabaq qatil Asəf Məmmədov Gülnar Məmmədovadan pul istəyəndə vermədiyinə görə onu ölümlə hədələyib. Asəf Məmmədov öz cinayətini ört-basdır edərək bunu namus üstündə törətdiyini quraşdırmaq üçün heç bir günahı olmayan 1991-ci il təvəllüdlü usta Namiq Allahverdiyevi də qətlə yetirib. Halbuki həmin usta hədsiz dərəcədə kasıb bir adam olub və öldürüləndə üstündə 20 manatlıq köhnə telefon olub. Təsəvvür edin ki, qətli törədəndən sonra Asəf uşaqlarını götürüb aparıb atasıgildə qoyub. İçki aludəçisi olan Asəf sonra gedib rayon mərkəzindəki kafelərdən birində xaş yeyib qayıdıb və həyətdə işləyən ustanı tüfənglə 2 güllə vurmaqla qətlə yetirib. Usta həyətdə tək deyilmiş. Atası ilə birlikdə imiş, onu öz atasının gözü qarşısında qətlə yetirib. Atası qaçıb camaatı köməyə çağırsa da gec olub. İki qətl arasında təxminən 6 saat vaxt fərqi olub”.

Qeyd edək ki, Tərtər İcra Hakimiyyətində baş məsləhətçi işləyən və iki ali təhsili olan Gülnar Məmmədovanın iki azyaşlı övladı – bir qızı, bir oğlu qalıb.

Beləliklə, son vaxtlar ölkədə qadın qətllərinin sayının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusən də qadınların öz övladları tərəfindən qətlə yetirilməsi, yeniyetmələrin, gənclərin ana qatilinə çevrilməsi dəhşət doğurur.

Hüquq müdafiəçilərinin hesablamalarına görə, 2021-ci il ərzində təkcə mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43%-i həyat yoldaşları tərəfindən öldürülüb. 2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çoxdur (1499 cinayət). Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadındır.

Bəzi mütəxəssislər bunu son vaxtlar cəmiyyətdə aqressiyanın artması, digərləri isə savadsızlığın, cahilliyin geniş vüsət alması ilə əlaqələndirir.

Seriallar düşüncəmizə necə təsir edir - psixoloq şərhi - 24.03.2019,  Sputnik Azərbaycan


Azad İsazadə: “Bunun səbəbi ondadır ki, qısqanclıqla cinayət törədən insanları həbsxanada hörmətlə qarşılayırlar”

Bəs nə etməli? Cəmiyyətimizdə qadın, ana qətllərinin artmasının əsas səbəbi nədir? Qadın qətlləri ilə bağlı dəhşət doğuran statistikanın qarşısını necə almaq olar?

Mövzu ilə bağlı tanınmış psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb:

“Əlbəttə ki, son vaxtlar bu cür qətllərin baş verməsi çox dəhşətli haldır. Bunun hansısa normal təbii proseslərlə izah etmək düzgün olmazdı.

Bəli, son vaxtlar  cəmiyyətdə aqressiya çox artıb. Bu, müharibə, pandemiya ilə də əlaqədar ola bilər. Amma elə bir cəmiyyətdə  yaşayırıq ki, yazılmamış qanunlara görə anaya əl qaldırmaq, onu qətlə yetirmək heç cür qəbulolunmazdır.

Baş verən hadisələrə diqqət edəndə görürük ki, adətən belə qətl hadisələrində hamısı qısqanclıq səbəbini göstərir. Bunun səbəbi ondadır ki, qısqanclıqla cinayət törədən insanları həbsxanada hörmətlə qarşılayırlar. Bu zaman insan həbsə düşməyə qorxmur, çünki həbsxananın yazılmamış qaydaları ilə namus-qeyrət üstündə cinayət törətmək kişilik xarakteri daşıyır. On illərdir ki, bütün keçmiş sovet məkanında məsələ bu cürdür. İnsanlar bu cür hadisələr haqqında eşitməyə, görməyə, oxumağa maraq göstərir. Hətta görürük ki, “qanuni oğrular” vəfat edəndə insanlar onun dəfninə yığışır, söhbətləri maraqla dinləyir və sairə. Kriminalın romantik təsiri, cinayətdən qorxmamaq bir çox hallarda bu qətllərə gətirib çıxarır. Kimisi arvadını, keçmiş arvadını, kimisi sevgilisini öldürür, kimisi isə anasına əl qaldırır.

O ki qaldı pandemiyanın təsirinə, bəli, bu dövrdə ailələrdə, cəmiyyətdə aqressiya, zorakılıq artmış oldu. Bunun da nəticəsində ağır cinayətlərin sayı artmış oldu. Amma biz artıq pandemiyadan çıxmışıq. İndi, sadəcə, dünyada baş verən müharibələr, təbii fəlakətlərin artması, insan həyatının dəyərinin azalması şüurlarına təsir edir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd etdi ki, qadın qətllərinin qarşısını almaq üçün cəzalar sərtləşdirilməlidir:

“Qadınları bu cür amansızlıq qətlə yetirən qatillərə ömürlük həbs cəzası verilməlidir. Əks halda, qatillərə 10-15 il həbs cəzası verirlər, onlar da arxayındırlar ki, bu müddətdən sonra azadlığa çıxacaqlar. Buna görə də cəzaları ən ağır şərtlərlə sərtləşdirmək lazımdır.

Həmçinin qətllərin baş verdiyi ərazilərə, konfliktli ailələrə gedib, insanlarla danışmaq, psixoloji dəstək vermək lazımdır.

Daha bir məsələ, qadın qətllərinə baxanda görürük ki, qatillər törətdikləri hadisəni namus məsələsinə bağlamağa çalışırlar. Amma araşdıranda görürsən ki, məsələ əslində başqa cür olub. Cəmiyyətimizdə hələ də stereotiplər olduğuna görə bu fürsətdən istifadə etməyə, törətdiyi cinayətə haqq qazandırmağa çalışırlar. İkincisi də ki, əgər qadın sənə xəyanət edibsə, boşa, ya da ayrıl, daha niyə onu qətlə yetirirsən?! Onda gərək əksər qadınlar əksər kişiləri öldürsünlər ki, onlara xəyanət ediblər?

Bir daha qeyd edirəm ki, qanunlarımızda bununla bağlı məsələ sərtləşdirilməli, xüsusi amansızlıqla qətl törədən qatillərə ömürlük həbs cəzası verilməlidir”.