Priqojinin “vaqner”çiləri 2-ci Qarabağ savaşında ermənilərə BELƏ DƏSTƏK VERMİŞDİ
Rusiya prezidenti Vladimir Putinə qarşı qiyamın təşkilatçısı, dünyada ən böyük Özəl Hərbi Təşkilat (ÖHT) olan “Vaqner”in sahibi Yevgeni Priqojinin təyyarə qəzasında ölümü qruplaşma ilə bağlı məlumatları yenidən gündəmə gətirib. Qəza ilə bağlı məlumatlar Putinə qarşı qiyam qaldıran Priqojin və komandasının sıradan çıxarıldığına şübhə yeri qoymur.
Priqojinin döyüşçülərinin Suriya, Ukrayna, Liviya, MAR, Sudan, Mozambik kimi ölkələrdə münaqişələrdə iştirakı məlumdur.
2-ci Qarabağ müharibəsi günlərində xarici və yerli mətbuatda bu qruplaşmanın muzdlularının Qarabağ cəbhəsində separatçılar tərəfindən savaşması barədə də məlumatlar vardı. O zaman yayılan bu məlumatları ÖHT sahibi Yevgeni Priqojin qətiyyətlə təkzib etmişdi. Həmçinin Dağlıq Qarabağda başlanan müharibə və “Vaqner”in bu müharibədə Ermənistan tərəfindən iştirakı ilə bağlı fikirlərini açıqlamışdı. Bildirmişdi ki, Qarabağda baş verənlərin bilavasitə səbəbkarı Ermənistanın baş naziri, çox anlaşılmaz və çox təhlükəli oyunlar oynayan Nikol Paşinyandır.
“Paşinyan xeyli vaxtdır ki, Qərbə meyillənib, Qərbin əmrlərini yerinə yetirir və Rusiyanı aldatmaq istəyir. Mənim mövqeyim konkret və açıqdır. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ermənilərin ”soyqırımı” ilə bağlı dedikləri də mənim üçün o qədər maraqlı deyil”, – deyə o bildirmişdi.
Telman Qasımov: “Yayılan videoların hamısı görüntü xarakterlidir, ona görə ki…”
“Vaqner”in döyüşçülərinin Ermənistan tərəfindən müharibədə iştirakına gəlincə, Yevgeni Priqojin demişdi ki, Rusiyanın Qarabağa hərbçi, yaxud özəl hərbi təşkilatın silahlısını yollamaq üçün hüquqi əsası yoxdur: “Çünki, dediyim kimi, Qarabağ Azərbaycan ərazisidir. Gələk Türkiyə məsələsinə… Türkiyə Ermənistan sərhədlərini keçməməklə Qarabağdakı proseslərə müdaxilə edə bilər. Çünki beynəlxalq hüquq buna imkan verir. Rəcəb Tayyib Ərdoğanın öz dövlətinin və xalqının maraqları naminə etdikləri heç bir halda, ermənilərin dedikləri kimi, ”işğal” və ya “hərbi əməliyyat” deyil”.
Bununla belə “Vaqner”çilərin 2-ci Qarabağ savaşında Ermənistan tərəfdən döyüşlərə qatılmaları haqda xəbərlər də vardı. O zaman məlumatlı mənbə “Turan” agentliyinə bildirmişdi ki, Ermənistan Azərbaycanla müharibəyə ÖHT-nin rusiyalı muzdlularını cəlb edib.
Əsasən “Vaqner” ÖHT-nin 300 üzvündən ibarət qrup Rusiyadan Ermənistana, sonra isə Şuşaya göndərilib.
Elxan Şahinoğlu: “Bu vəziyyət bizim üçün müəyyən fürsətlər yaradır, çünki…”
Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 1-də “Azadlıq” radiosu “vaqner”çilərin özlərinə istinadən məlumat vermişdi ki, onlar artıq Qarabağdadır və döyüşlərdə iştirak edirlər. Əsasən bunlar regiona göndərilmək üçün ən qısa müddətdə səfərbər edilmiş TƏİR (tank əleyhinə idarə olunan raketlər) operatorlarıdır. Radio mənbəyə istinadla bildirirdi ki, “Vaqner ÖHT”nin ilk döyüşçüləri Dağlıq Qarabağa hələ 2020-ci il avqustun sonu – sentyabrın əvvəllərində gəliblər.
Bu məlumatın müstəqil təsdiqi olmasa da, əvvəllər Suriyada “vaqner”çiləri müşayiət edən rusiyalı jurnalistlərin, xüsusən də ermənipərəst hərbi jurnalist Semyon Peqov Qarabağda aktiv fəaliyyət göstərdi.
2020-ci il sentyabrın 26-da, o cümlədən Ermənistanda da keçirilən Rusiya “Qafqaz 2020″ hərbi təliminin son günündə Yerevanda RF Müdafiə Nazirliyinin An-124-100 hərbi təyyarəsi İrəvana enib. Versiyalardan birinə görə, o, Ermənistana ”Top M-2″ və “Pantsir-C2″ HHM sistemlərini gətirə bilərdi. Bu təyyarə Ermənistana Rostov-na-Donudan uçub, onun 300 kilometrliyində Molkinoda ”Vaqner ÖHT”nin bazası yerləşir. Rusiya Müdafiə Nazirliyi “vaqner”çiləri Qarabağa göndərmək planları barədə RBK hələ 2016-cı ilin yayında FTX-nın adı açıqlanmayan zabitinə istinadən yazmışdı.
O zaman Rusiyanın bəzi nəşrləri yazırdılar ki, “Vaqner”in 500 döyüşçüsü noyabrın əvvəlində Dağlıq Qarabağa gəlib. Onlardan 300 nəfəri Şuşaya göndərilib. Rusiya ordusunun istefada olan kapitanı Viktor Zlobov açıqlamışdı ki, “Vaqner” ÖHT Qarabağda saxlanması mümkün olan az ərazinin saxlanmasında mühüm rol oynayıb. Müharibə günlərində “Russkaya planeta” və digər resurslarda “Vaqner” döyüşçüsünün Şuşada kilsənin fonunda çəkilmiş fotosu yayılmışdı.
Gürcüstanın milli təhlükəsizlik üzrə eksperti Qoça Qvaramia isə hesab edirdi ki, “Vaqner”dən olan muzdlular Qarabağda olublar. “Rusiya tərəfi məlumat yayıb ki, Qarabağ münaqişəsi zonasında yerləşdiriləcək bütün hərbçilər, yəni 1960 nəfər Suriya təcrübəsinə malikdir. Belə çıxır ki, onlar Suriyada xidmət keçiblər. Rusiya qoşunlarının Suriyada nə ilə məşğul olduğunu bilmək çətin deyil, sadəcə, ”Google”un xidmətlərindən istifadə etmək lazımdır. Orada əsasən “Vaqner” qrupunun muzdlularının döyüşməsi sirr deyil. Qrupun hərbi tərkibini Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsindən (BKİ) olanlar və ya bu qurumların hazırladığı şəxslər təşkil edir. Nəzərə alsaq ki, BKİ üçün saxta sənəd hazırlamaq, öz şəxsi ehtiyacları üçün yenidən tərtib etmək çətin iş deyil, BKİ-nin sənədləri saxtalaşdırmasının, hər hansı hərbi hissəni öz ehtiyaclarına və Kremlin siyasətinə uyğun şəkildə yenidən təşkil etməsinin çətin olmadığını nəzərə alsaq, böyük ehtimalla Qarabağ münaqişə zonasında sülhməramlı adı altında real olaraq “Vaqner” ÖHT-nin nümayəndələri yerləşdirilib”, – deyə Q.Qvaramiya bildirmişdi.
Açıq mətbuatda rusiyalı muzdluların Azərbaycana qarşı müharibəsi haqda çox məlumatlar var. Dünyada “Vaqner”çilərin qəddarlığı məlumdur, onlar müharibədə beynəlxalq humanizm qaydalarına riayət etmirlər.
Yevgeni Priqojinin və “Vaqner” bütün rəhbər şəxslərinin təyyarə qəzasında məhvindən sonra ÖHT-nin fəaliyyətini davam etdirəcəyi şübhəsizdir. Ən azından bu gün Rusiya Afrikada güclənən tərəfdir və bu, Qərbin təsir imkanlarının azalması fonunda baş verir. Bu baxımdan “Vaqner”in Afrikadakı fəaliyyəti Kreml üçün əhəmiyyətlidir və ÖHT-nin idarəçisi dəyişdirilməklə saxlanılacağı şübhəsizdir.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”