11 Oktyabr 2024

Perspektivli əməkdaşlıq istiqaməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 may 2023-cü ildə Litvaya rəsmi səfər etmişdir. Rəsmi səfər çərçivəsində mətbuata verdiyi bəyanatda cənab Prezident Azərbaycan və Litva arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, iki dövlət arasında çox fəal siyasi dialoq aparıldığını və bu dialoqun konkret nəticələrlə də tamamlandığını qeyd etmiş, həmçinin bildirmişdir ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə davam edəcəkdir. İlham Əliyev vurğulamışdır ki, hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir.

Dövlət Başçısı bildirmişdir ki, Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş, bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal olunmuşdur. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılmışdır. Cənab Prezident vurğulamışdır ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək və bunun üçün də Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.

Cənab Prezident qeyd etmişdir ki, Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır və ixrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.

Dövlət Başçısı qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşdüyünü, müvafiq qurumların bu məsələ ilə bağlı ciddi məşğul olacaqlarını bildirmişdir.Azərbaycan ərazisindən keçən tranzit yüklərinin həcminin ildən-ilə artdığını vurğulayan İlham Əliyev müasir infrastrukturumuzun buna imkan yaratdığını, birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağımızı bildirmişdir.

22 may tarixində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”,“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” sənədləri imzalanmışdır.

Prezident İlham Əliyev rəsmi səfər çərçivəsində Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxış etmişdir. Çıxışı zamanı İlham Əlyev bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisi olduğunu, birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarət olduğunu, həmçinin Azərbaycanda enerji təhlükəsizliyinin mövcud olduğunu qeyd etmişdir.

Dövlət Başçısı bildirmişdir ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzalanmış, onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır-deyə ölkə başçısı bildirmişdir.

Cənab Prezident iki dövlət arasında logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialının olduğunu, burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətinin olduğunu qeyd etmişdir.

Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edildiyini qeyd edən Dövlət Başçısı Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulduğunu, böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcəyini bildirmişdir. İlham Əliyev həmçinin qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq.Azərbaycanın xarici borcu çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən azdır. Milli valyutamız sabitdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi