27 İyul 2024

İki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 22 may tarixində Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələr coğrafiyasının tənzimlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

2022-ci ilin may ayından ötən bir il müddətində Azərbaycan və Litva prezidentləri 3 dəfə görüşüblər. Ölkə liderlərinin 2022-ci ilin may ayında Bakıda, 2023-cü ilin yanvar ayında Davosda görüşləri olub. Onlar indi isə Vilnüsdə bir araya gəlib qeyd edilən istiqamətdə əməkdaşlığın inkişafı üzrə konkret detalları müzakirə etdilər. Detallı proqramlar hazırlamaq üçün Litva-Azərbaycan hökumətlərarası komissiyası da qurulub. Bu o anlama gəlir ki, məsələ ideya mərhələsini tamamlayaraq, icra mərhələsinə daxil olur.

Litva ilə əməkdaşlığa önəm verilməsi təkcə iqtisadi səmərələrə əsaslanmır. Litva keçmiş Sovet Sosialist Respublikaları İttifaqına daxil olan yeganə ölkələrdəndir ki, bütün baryerləri aşaraq həm Avropa İttifaqına, həm də NATO-ya üzv ola bilib. Azərbaycanın siyasət xətti belədir ki, ümumilikdə Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlığı inkişaf etdirir. Amma paralel olaraq, Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli münasibətləri də artırır.

Bu gün Azərbaycan Aİ-yə daxil olan 9 ölkə ilə müttəfiqlik, ikitərəfli əməkdaşlıq münasibətlərinə malikdir ki, bu da ölkəmizin maraqları baxımından çox zəruridir. Vilnüsdə baş tutan görüşün nəticəsi olaraq keçirilən brifinqdə Prezident İlham Əliyev vurğuladı ki, Litva Azərbaycanla Avropa Komissiyasının daha yaxın olmaq səylərinə töhfələr verir.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı