Paşinyan: Türklər əlbəttə ki, düşməndir, ancaq bundan sonra neyləyəcəyimizi anlamalıyıq
Türklər və azərbaycanlılar düşməndir və bu məsələ müzakirə olunmur.
“Sputnik”in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Parlament sədrinin müavini Alen Simonyanın türklərin nəhayət düşmən olub-olmadığı barədə sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, düşmənçilik haqqında müzakirələr Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qalmaqallı bəyanatlarından sonra başlayıb. Belə ki, müsahibələrdən birində ondan Türkiyənin düşmən olub-olmadığı soruşulduqda, Qiqoryan “yanaşmalarımızı yenidən nəzərdən keçirməliyik” deyərək birbaşa cavabdan yayınmışdı.
Paşinyan bildirib ki, bu mövzuda hər hansı müzakirəni ümumiyyətlə anlamır, Ermənistanın tarixi, Qarabağdakı son müharibənin özü bu suala cavab verir.
“Bəli, türklər, azərbaycanlılar bizim düşmənimizdir və onlar da bizi düşmən hesab edirlər. Ancaq məsələ başqadır – bu düşmənçiliklə nə edəcəyik, bu düşmənçiliyi nə vaxta qədər artıracağıq”, – deyə o, bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə bu kontekstdə, belə bir sualı cavablandırmaq lazımdır: ermənilər və türklər qarşılarına bir-birlərini məhv etmək vəzifəsi qoyurlarmı?
“Düşünürəm ki, biz belə tapşırıqlar qoymamalıyıq, ancaq onlar da bunu etməməlidirlər. Biz birtərəfli qaydada türklərin düşmən olmadığına qərar verə bilmərik. Tarixən düşmənçilik edirik, amma məsələ bu düşmənçiliyi necə idarə etməyimizdədir”, – deyə Paşinyan əlavə edib.
O, vurğulayıb ki, dünyada bir-biri ilə düşmənçilik edən, ancaq eyni zamanda on milyardlarla dollarlıq ticari dövriyəsi olan dövlətlər var.