25 Aprel 2024

Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur

Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Asiya və Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır.

Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir.

Qədim tarixi köklərə bağlı olan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün yeni bir müstəviyə qədəm qoymaqdadır. Prezident İlham Əliyevin cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanat xüsusi əhəmiyyət kəsb edir. Birgə bəyanat zamanı Prezident İlham Əliyev bildirdi ki, “Bu gün qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi sahəsində artıq görülmüş işlərlə bağlı ətraflı diskussiyalar apardıq, həmçinin gələcək planlarımızı geniş müzakirə etdik. Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür.

Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq.”

Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Azərbaycan-Qazaxıstan arasında ikitərəfli əmədaşlıq haqqında sənədləri imzalanıb və yeni imzalanan bu sənədlər Azərbaycan- Qazaxıstan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir. Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür və bu iki qardaş ölkə arasında olan dostluğun bariz təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra region ölkələri kimi Azərbaycanın Qazaxıstanla olan iqtisadi, ticari və siyasi müstəvidəki əlaqələri yüksək inkişaf tempi ilə davam edir və ölkəmiz öz milli dövlətçilik maraqları çərçivəsində dünyanın siyasi arenasına uğurla inteqrasiya edir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı