20 Aprel 2024

Ölkədə gəncləri bürüyən bəla – yuxusuzluğun törətdiyi fəsadlar

Xroniki yuxusuzluğun səbəbləri – başda stress gəlir…

Kanadalı alimlər gənclərin yuxusuzluq probleminin əsas səbəbini araşdıraraq maraqlı nəticə əldə ediblər. Araşdırmanın nəticəsinə görə, gənclərdə yuxu probleminin əsas səbəbi sosial şəbəkələrdir.

Gündə cəmi bir saat belə sosial şəbəkədə vaxt keçirmək yuxu rejiminizi alt-üst etməyə kifayət edir. Yeni araşdırmalara əsasən, gündə 60 dəqiqə də olsa Whatsapp, Facebook və Snapchat kimi şəbəkələrdə vaxt keçirən gənclər digərlərinə nəzərən daha çox yuxu problemi yaşayır. Sosial şəbəkədə keçirilən zaman artdıqca yuxu problemi də ona müvafiq olaraq artır.

Araşdırmadan alınan nəticəyə görə, gənc qızlar bu problemə daha çox meyilli olur. Çünki onlar sosial şəbəkələrə daha bağlı olurlar. Alimlər insanların ümumi sağlamlığı üçün 6-13 yaş arasındakı uşaqların gündə  9-11 saat; 14-17 yaş arasında yeniyetmələrin  8-10 saat; 18 yaşdan yuxarı gənclərin isə 7-9 saat arası yuxuya ehtiyacının olduğunu bildirir.

Araşdırmanın müəllifi doktor Jan Filip Çaput mətbuata açıqlamasında bunları deyib: “ Yuxu  sağlam inkişafın vacib bir elementidir, fiziki və mental sağlamlıq üçün həyati əhəmiyyət daşıyır. Ancaq qeyri-kafi yuxu gənclər arasında geniş yayılmış bir problemdir. Yuxu probleminin ən əsas səbəblərindən biri də informasiya və kommunikasiya texnologiyalarından istifadənin sürətlə artması, həddindən artıq istifadə edilməsidir”.

Hazırda ölkə gəncləri arasında da yuxusuzuq önəmli problem kimi qeydə alınır. Psixoterapevtlərə müraciət edən gənclər daha çox yuxu dərmanı istəyirlər. Bəs bunu yaradan səbəblər nədir? Təkcə kompüter və telefon qarşısında uzun zaman keçirmək?

Yuxusuzluq yuxuya getmənizin çətinləşməsi və ya çox erkən oyanaraq yenidən yuxuya gedə bilməməniz kimi halların ümumiləşdirildiyi bir yuxu xəstəliyidir. Təbii ki, belə hallarda insan yuxudan oyandıqdan sonra özünü çox əzgin və yorğun hiss edəcək. Bu çox önəmli bir problemdir. Çünki yuxusuzluq yalnız enerji səviyyənizə və əhvalınıza deyil, həmçinin sağlamlığınıza, işinizə və həyat keyfiyyətinizə də ciddi təsir edib, iş keyfiyyətinizi azalda bilər.

Yuxunun müddəti hər kəsdə fərqli olur, ancaq böyüklərin əksəriyyəti gecə yeddi-səkkiz saatlıq bir yuxuya ehtiyac duyurlar. Ümumiyyətlə, yuxusuzluq stressin və ya baş vermiş travmatik bir hadisənin nəticəsidir. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən uzunmüddətli (xroniki) yuxusuzluq halları da görülə bilər. Bu, əsas problem ola bilməklə yanaşı, digər tibbi şərtlər və ya dərmanlarla da əlaqəli ola bilir.

Ümumiyyətlə, yuxusuz gecələrə dözmək lazım deyil. Gündəlik vərdişlərinizdəki sadə dəyişikliklər çox zaman yuxusuzluq problemi üçün ideal yardımçı ola bilər. Ancaq bu şikayətlər heç bir halda sizdən “əl çəkmirsə”, yaxşı olar ki, həkiminizə müraciət edəsiniz.

Yuxusuzluq simptomları aşağıdakılarıdır:

– Gecələr yuxuya getməkdə çətinlik;

– Gecə yuxudan oyanmaq;

– Erkən yuxudan oyanmaq;

– Gecə yuxusundan sonra yaxşı istirahət etmiş olmamaq;

– Gündüz yorğunluq və ya yuxululuq;

– Qıcıqlanma, depressiya və ya narahatlıq;

– Diqqəti cəmləməkdə çətinlik, tapşırıqlara diqqət yetirə bilməmək və ya yadda saxlaya bilməmə;

– Artan səhvlər və ya qəzalar;

– Davam edən yuxu narahatlığı və s.

Xroniki yuxusuzluq, ümumiyyətlə, stress, həyat hadisələri və ya yuxunu pozan vərdişlərin nəticəsidir. Problemi yaradan əsas səbəbi müalicə etmək yuxusuzluğu aradan qaldıra bilər. Ancaq onu da qeyd edək ki, bəzən bu hal illərlə belə davam edə bilir.

Stresli iş: məktəb, sağlamlıq, maliyyə və ya ailə ilə bağlı narahatlıqlar gecə saatlarında beyninizi aktiv saxlaya bilər ki, bu da yuxunu çətinləşdirə bilən səbəblərdəndir.

Stresli həyat hadisələri və ya travma: yaxın bir insanın ölümü və ya xəstəliyi, boşanma və ya iş itkisi kimi hadisələr də yuxusuzluğa səbəb ola bilər.

Səyahət və ya iş qrafiki: sirkadiyalı ritmləriniz yuxu oyanışı, maddələr mübadiləsi və bədən istiliyi kimi şeyləri rəhbər tutaraq daxili bir saat rolunu oynayır. Vücudunuzun sirkadiyalı ritmlərini pozmaq yuxusuzluğa səbəb ola bilər. Səbəblərə çox vaxt fərqli saat qurşaqları arasında səyahət, gecə və ya erkən saatlarda növbədə işləmək və ya tez-tez dəyişən növbələrin olması daxildir.

Zəif yuxu vərdişləri: Zəif yuxu vərdişləri arasında nizamsız bir yataq cədvəli, boşluqlar, yatmazdan əvvəl stimullaşdırıcı fəaliyyətlər, narahat bir yuxu mühiti və yataqda işlərinizlə məşğul olmaq, yemək yemək və ya televizor izləmək daxildir. Yatmazdan əvvəl istifadə olunan kompüterlər, televizorlar, videooyunlar, smartfonlar və ya digər ekranlar yuxu dövrünüzə müdaxilə edə bilər.

Axşam çox gec yemək yemək: Yatmazdan əvvəl yüngül qəlyanaltı qəbul etmək yaxşıdır, ancaq çox yemək yatarkən fiziki cəhətdən narahat olmağınıza səbəb ola bilər. Bir çox insan yemək yedikdən sonra ürək yanması, mədədən turşuluq və qidanın axması ilə qarşılaşır.

Xroniki yuxusuzluq tibbi şərtlər və ya müəyyən dərmanların istifadəsi ilə də əlaqələndirilə bilər. Tibbi vəziyyəti müalicə etmək yuxunu yaxşılaşdıra bilir, ancaq tibbi vəziyyət yaxşılaşdıqdan sonra da yuxusuzluq davam edə bilər.

Adətən yuxuya getmək bir az vaxt tələb edir, lakin koreyalılar dərhal yatmaq istəyirlər və dərman qəbul etməyə üstünlük verirlər. Cənubi Koreyada yuxu dərmanlarına aludəçilik milli epidemiyaya çevrilib. Bu məsələ ilə bağlı rəsmi məlumatlar açıqlanmayıb, lakin ölkədə 100 minə yaxın insanın yuxu dərmanı asılılığı olduğu güman edilir. Yuxu dərmanı içsələr də hələ də yata bilməyən bəzi insanlar spirt içərək yuxuya getməyə çalışırlar. Bu isə təhlükəli nəticələrə gətirib çıxarır.

Bu barədə həkim Ji-hyeon Lee müsahibə verib. O bildirib ki, xəstələri içərisində bir gecədə 20 yuxu həbi qəbul edənlər də var:

“İnsanlar yuxuda gəzən adama çevriliblər. Seulun mərkəzində yuxuda gəzən bəzi xəstələrin qəzaya düşməsi hallarını eşidirik. Klinikaya gələndə qarşımda ağlasalar da, görürəm ki, hələ də ümidlidirlər”.

Cənubi Koreya dünyada təkcə yuxusuzlara görə deyil, həm də intihar hallarına görə ön sırada olan ölkələrdəndir. Sərt spirtli içkilərin ən çox istehlak edildiyi ölkədə antidepresan istifadəsi geniş yayılıb. Bunun ölkənin tarixi ilə əlaqəli olduğu deyilir. Belə ki, Cənubi Koreya bir neçə onillikdə dünyanın ən kasıb ölkələrindən dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Daha çox işləmək üçün təzyiqin göstərilməsi nəticəsində belə hallar yaşanır.

Sevinc TELMANQIZI