NYT: “Rusiya Ukrayna ilə sərhədə qoşun toplayır”
“ABŞ Rusiya qoşunlarının Ukrayna sərhədlərinə toplandığını bilir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin informasiyasına əsasən, təxminən 4000-dən çox əlavə qüvvə Rusiyanın qərb sərhədlərinə yönəldilib.
“NYT” ABŞ Silahlı qüvvələri Avropa komandanlığının hələ ötən həftə Rusiya və Ukrayna arasındakı gərginliyin “mümkün böhran” səviyyəsindən ən yüksək dərəcəyə, yəni “potensial qaçılmaz böhran” səviyyəsinə qədər yüksəldiyini təsbit etdiyini yazıb.
Bu ərəfədə Ukrayna Silahlı qüvvələrinin baş komandanı, general-polkovnik Ruslan Xomçak Rusiyanın əsasən Voronej və Bryansk vilayətlərinə qoşun birləşmələrini yeritdiyini təsdiqləyib.
Maraqlıdır ki, Ruslan Xomçak bundan cəmi 2 gün öncə, “Qordon” kanalının baş redaktoru Alesya Batsmana verdiyi müsahibədə Baş qərargahın Rusiyanın açıq münaqişəyə hazırlaşmasını təsbit etmədiyini söyləmişdi.
“Səhər oyanacağımız gün müharibənin baş verəcəyi ilə bağlı birbaşa təhlükə mövcuddurmu? Bu gün Baş qərargah situasiyanı “savaşın sabah baş verməyəcəyi” kimi dəyərləndirir”,-deyə o söyləyib.
Ukraynalı general hər bir halda hadisələrin bu yöndə inkişaf təhdidinin real olduğunu sözlərinə əlavə edib. “Çünki Rusiya hələ ölkəni işğal planlarından vaz keçməyib”,-deyə o bildirib.