19 May 2024

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir

Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şən və gözəl bayramlardan biridir. Qədim İran şəmsi təqvimi ilə fərvərdin ayının birinci gününə, Qriqori təqvimi ilə mart ayının 21-22-nə və ya nadir hallarda 23-nə düşür. Ölkəmizdə Novruz bayramı bir çox türk və müsəlman ölkələrində, o cümlədən Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştlük və ya müsəlman mədəniyyəti ilə əlaqələrini araşdırmış, əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar etmişlər. Lakin ümumi belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirmişdir.

İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun İslamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami , Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“Gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini