Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb.
Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.
Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib.
Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub.
1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.
1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib.
2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq.
NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir.
Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu amil Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisidir.
Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.
Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı