11 Oktyabr 2024

Novruz bayramı Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət – ənənələrini özündə əks etdirən bir milli bayramdır

Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramlarından biridir. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş özünə xas bayramları vardır. Xalqımızın milli – mənəvi dəyərləri fonunda Novruz bayramının özünəməxsus yeri vardır. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Novruz bayramının qədim tarixi vardır. Bizim tarixçilərimiz bunu indiyə qədər araşdırırlar. Amma nə qədər araşdırsalar da, onun o qədər dərin kökləri olduğunu aşkar edirlər. Məlumdur ki, Novruz bayramı bütün bayramlardan ona görə seçilir ki, bu, təbiətdən, elmi əsaslardan meydana gəlmiş bir bayramdır.

Təbiətin, torpağın, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq inanclarına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə “s” hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.

Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir. Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Arzular, istəklər bir gün reallaşır. Bu arzu da məhz Müzəffər Ali Baş Komandanın əzmi, qətiyyəti, ordumuzun rəşadəti nəticəsində reallaşdı. İndi biz Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Öz mahiyyəti ilə sülh, əmin-amanlıq bayramı olan Novruz Azərbaycan xalqının mənəvi irsinin, Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Azərbaycan xalqı var olduqca bu bayram qeyd ediləcək, insanların mənəvi dünyasında öz yerini qoruyub saxlayacaqdır. Çünki bu bayram zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri