27 İyul 2024

Nobel mükafatından imtina edən yazıçı – Xruşşov və Suslov Pasternakı bu addımı atmağa məcbur edib

Sovet ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Boris Pasternakın həyatı sovet rejiminin, onun ideologiyasının nəyə “qadir” olduğunu sübut edən, açıqlayan bir bioqrafıq əsərdir desək, yanılmarıq. Müasirlərinin qənaətinə görə Pasternaka qarşı olan təzyiqlər başqasına göstərilsəydi, həmin şəxs nə mənəvi, nə də fiziki cəhətdən bu hücumlara tab gətirməzdi. Pasternak isə bütün bu təpkiləri, təzyiqləri, qadağaları təmkin, səbir və sükutla  qarşılayıb. Hətta o, sovet liderlərini susdurmaq üçün layiq olduğu Nobel mükafatından da çox “sakitliklə” imtina edib…

Boris Pasternak 1890-cı ildə Moskvada yəhudi ailəsində anadan olub. Atasının rəssam, anasının pianoçu olması, ailədəki yaradıcı mühit onun gələcək yaradıcılıq karyerasında mühüm rol oynayıb.  Uşaqlıqdan bəstəkar olmaq arzusunda olan Pasternak altı il musiqi məktəbində də təhsil alıb və bu sahədə də uğurları az olmayıb. Ancaq buna baxmayaraq o, öz musiqi talantını yetərincə saymayıb.

Uşaqlığı maraqlı bir mühitdə keçən Pasternak evlərində də tez-tez tanınmış bəstəkarları, yazıçıları, rəssamları görüb. Amma onun uşaqlıq xatirələrinə həkk olunan təkcə bu simalar olmayıb. Uşaq vaxtı atdan yıxılması yazıçıya ömrünün son gününədək etdiyi bir ehtiyatsızlığı xatırladıb. Belə ki, bu hadisədən sonra bütün mümkün müalicələrə baxmayaraq Pasternak axsamağa başlayıb. Düzdür, bu, çox da nəzərəçarpacaq qədər olmayıb, amma yazıçı bu qüsura görə həmişə utanıb.

Pasternak Moskva Universitetində təhsil alıb və bu təhsil ocağını 1912-ci ildə bitirib. Hansısa səbəblərdən o, diplomunu universitetdən götürməyib. 20974 nömrəli diplom sonralar Lomonosov adına Moskva Dövlət Universitetinə çevrilən təhsil ocağının arxivində saxlanılıb.

İnqilaba qədərki dövrdə Pasternakın bir neçə şeirlər kitabı işıq üzü görüb. Məhz bu ərəfədə o, ədəbiyyatda yeni sima kimi tanınmağa başlanıb. İnqlabdan sonrakı yaradıcılığında isə Pasternak sovet ədəbiyyatının ilk aparıcı simalarından biri sayılıb.

SSRİ yarandıqdan sonra Pasternakın valideynləri Almaniyaya mühacirət ediblər. Müalicə adı ilə Almaniyaya gedən valideynlər sonradan SSRİ-də yaşamağı arzulamayıblar. Pasternak isə Moskvada qalmağa üstünlük verib.

1920-1930-cu illərin ortalarına qədər Pasternak SSRİ Yazıçılar İttifaqının ən fəal üzvü sayılıb. İttifaqın birinci qurultayında Nikolay Buxarin ona SSRİ-nin ən yaxşı şairi rəsmi adının verilməsini təklif edib. Bu dövrdə Pasternakın kitabları hər il kütləvi tirajla çap olunub.

1936-cı ildən sonra Pasternakın yaradıcılığında sovet tərənnümü səngiyəndə rəsmilərin münasibəti ona qarşı dəyişib. “Böyük təmizlik” və repressiya siyasətinə qarşı olan yazıçı bu ədalətsizlikləri qəbul etmədiyini ara-sıra öz yaradıcılığında da əks etdirib. Amma onun bu əsərləri heç bir nəşriyyatda qəbul edilməyib. Beləliklə, təxminən 1943-ci ilə qədər Pasternak çapa göndərdiyi kitablarla bağlı konkret bir cavab alıb: “Sovet ideologiyasına, dövrün tələblərinə cavab vermədiyinə görə çap edilməsi məqsədəuyğun sayılmır”.

1943-cü ildə Pasternak Dövlət müdafiə Komitəsinə müraciət edərək hərbi müxbir kimi fəaliyyətini davam etdirmək arzusunu bildirib. Onun bu müraciətinə müsbət cavab verilib. Əslində bu müsbət cavab Pasternakın rəsmilər tərəfindən əfvi kimi də qəbul edilib və onun müharibə mövzulu yazıları yenidən çapa buraxılıb.

Yaradıcılıq qadağaları içində yaşayan Pasternak sovet cəmiyyətində gördüklərini, şahid olduqlarını böyük bir əsərdə əks etdirmək arzusu ilə yaşayıb və o, bu arzusunu “Doktor Jivaqo” romanı ilə gerçəkləşdirib. Bu romanı yazıçı on il müddətinə (1945-1955) ərsəyə gətirib.

Doktor Jivaqo kim olub? Pasternak bu obrazda sovet hökumətinin qurulduğu gündən Stalin hakimiyyəti illərinə qədər bütün hadisələr öz həyatında əks etdirən şair və həkim Jivaqonun həyatını qələmə alıb. Jivaqo digər sovet vətəndaşlarından fərqli olaraq  qırmızı və pafoslu şüarlarla yaşamayıb, hadisələrə öz məntiqi, təhlili düşüncələri ilə yanaşıb. Sözsüz ki, belə bir obraz sovet ideologiyasına və təbliğatına yaraya bilməzdi və sözsüz ki, “Doktor Jivaqo” romanının çap olunması da SSRİ-də mümkünsüz bir iş idi. Bunu Pasternak da yaxşı anlayıb və öz əsərini italiyalı həmkarına göndərməyə nail olub.

Beləliklə, roman ilk dəfə 1957-ci ildə Milanda, italyan dilində nəşr olunub. 1958-1959-cu illərdə isə “Doktor Jivaqo” 18 Avropa dilinə tərcümə edilərək oxucuların ixtiyarına verilib.

“Doktor Jivaqo” Pasternaka Avropada nə qədər şöhrət qazandırıbsa, SSRİ-də də bir o qədər problem yaradıb. Xüsusilə də bu əsərə, eyni zamanda  müasir lirik poeziyada mühüm nailiyyətlərinə, habelə böyük rus epik romanı ənənələrini davam etdirdiyinə görə Nsveç Akademiyası yazıçını Nobel mükafatına layiq görəndə Moskva bu mükafatı bomba kimi qəbul edib. Elə həmin gün, mükafatın elan edildiyi 23 oktyabr 1958-ci il tarixdə Mixail Suslovun təşəbbüsü ilə Mərkəzi Komitənin Rəyasət Heyətinin iclası çağırılıb. İclasda “Doktor Jivaqo” romanı müzakirə olunub və rəsmi qərar çıxarılıb: “Sov. İKP MK Boris Pasternakın böhtan romanı haqqında Nobel Komitəsinin qərarını soyuq müharibəyə cəlb etmək üçün növbəti cəhd kimi qəbul edir…”

Bu iclasdan altı gün sonra, oktyabrın 29-da Ümumittifaq Lenin Komsomolunun plenumunda da “Doktor Jivaqo” müzakirəyə çıxarılıb. Sərt tənqidlərdən sonra Ümumittifaq komsomolunun birinci katibi Semiçastnı Pasternakın sovet vətəndaşlığından məhrum edilməsi təklifini də verib.

Daha sonra yazıçının məsələsi SSRİ Yazıçılar İttifaqında müzakirə edilib və o, ittifaq üzvlüyündən çıxarılıb.

“Pravda”, “İzvestiya”, “Komsomolskaya pravda”, “Literaturnay qazeta” kimi mərkəzi mətbu orqanlar öz səhifələrində dərc etdiyi materiallarda Pasternakın ünvanına ən ağır ittihamlar irəli sürüblər.

Pasternakı daha çox vətəndaşlıqdan məhrum edilməsi məsələsi narahat edib. O, yaxşı anlayıb ki, Xruşşov bu addımı atmağa qadirdir və elə buna görə də yazıçı ona məktub ünvanlayaraq bildirib ki, Rusiyanı tərk etmək onun üçün ölümə bərabərdir.

Yazıçını vətəndaşlıqdan məhrum etməyiblər. Yəqin ki, buna səbəb onun Nobel mükafatından imtina etməsi olub. Onun Nobel Komitəsinə yazdığı məktubda aşağıdakı sətirlər də yer alıb:

“…Nobel Komitəsinin çıxardığı qərara görə sizlərə son dərəcə minnətdaram, sonsuz qürur hissi keçirirəm. Mənsub olduğum cəmiyyətin mənə verilən mükafata münasibətini nəzərə alaraq ondan imtina etməliyəm. Könüllü imtinamı təhqir kimi qarşılamamağınızı xahiş edirəm…”

Komitədən yazıçıya ünvanlanan məktubda isə bildirilib ki, imtina mükafatın əhəmiyyətini və qanuniliyini itirmir, sadəcə təqdimat mərasimini təxirə salır.

Bütün bu hadisələrdən sonra Pasternak Moskva ətrafındakı Peredelkinodakı bağ evinə köçüb. Ədəbi mühitdən ayrılan, tədbirlərə qatılmayan yazıçı yarımçıq əsərlərinin üzərində işləyib. Ömrünün son aylarını isə o, yataqda keçirib. 1930-cu ilin mayın 30-da, 70 yaşlı Nobel mükafatçısı xərçəng xəstəliyindən vəfat edib.

1980-ci illərin sonlarında Pasternak (ölümündən sonra) Yazıçılar İttifaqına bərpa olunub, “Doktor Jivaqo” kitabı Moskvada çap olunub, daha sonra onun 11 cilddə əsərləri işıq üzü görüb. Yazıçını Nobel mükafatı isə 30 ildən sonra Stokolmda oğlu Yevgeni Pasternaka təqdim edilib.

İlham Cəmiloğlu, Musavat.com