23 Dekabr 2024

Nazir: “Rusiya Krımda nüvə sılahı yerləşdirə bilər”

Ukraynanın müdafiə naziri Andrey Taran Rusiyanın Krımda nüvə silahı yerləşdirmək istədiyini söyləyib.

Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, Brüsseldə Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin iclasında çıxış edən Andrey Taran deyib ki, Moskva işğalda saxladığı Krım bölgəsini su ilə təchiz etmək üçün Ukraynaya hücum çəkə bilər.

Ukraynanın müdafiə naziri Rusiya qoşunlarının il ərzində Krımda başqa ciddi hərbi təxribatlar törədəcəyini də istisna etməyib.

Andrey Taran səsləndirdiyi iddialara dair birbaşa dəlillər göstərməyib.

Son bir neçə həftədə Vaşinqton və onun NATO-dakı müttəfiqləri Ukrayna yaxınlığında və Moskvanın 2014-cü ildə işğal etdiyi Krım yarımadasında Rusiya qoşunlarının cəmləşməsindən narahatlıq ifadə ediblər.

Bugünlərdə Kremlin mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında bildirib ki, ABŞ-ın aqressiv və qeyri-müəyyən davranışları ümumilikdə Rusiyanı ən pis ssenarilərə hazır olmağa vadar edir.

Aprelin 14-də NATO-nun xarici işlər və müdafiə nazirləri Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmlənməsi məsələsinə dair müzakirələr aparıblar. Rusiya və Ukrayna elə həmin gün eyni vaxtda hərbi təlimlər keçiriblər.