27 İyul 2024

Naxçıvan sərhədində tikilməsi planlaşdırılan “ekobomba” ya etirazlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və QHT-lər Ermənistanın iri metallurgiya zavodunu inşa etməyə hazırlaşmasına etiraz olaraq bəyanat yaydılar – ABŞ-a müraciət var…

Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır.

Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16 500 kvadratmetr olacaq. Zavodun inşası Ermənistanın növbəti ekoloji cinayəti kimi qiymətləndirilə bilər. Zavodun inşası bir neçə gündür ki, müzakirə olunur. Ekoloqlar və digər sahələrin mütəxəssisləri vəziyyətdən narahatdırlar və hesab edirlər ki, zavodun tikintisinə imkan yaratmaq olmaz.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın qeyri-qanuni davranışı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb: “Bu Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir.

Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.

Həmçinin Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi.

Bildiririk ki, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır”.

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev  açıqlayır - 27.07.2021, Sputnik Azərbaycan

 Ənvər Əliyev 

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq alim Ənvər Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın həyata keçirdiyi layihələrə etibar etmək olmaz: “Ermənistan su mənbələri ilə bağlı beynəlxalq sənədlərin heç birini imzalamayıb. Tullantılar Azərbaycan ərazisinə axıdıla bilər. Bu fəsadlar bizə ziyan vuracaq. Buna hazır olmaq lazımdır. Belə olan halda ekosistemin qorunması ilə bağlı iddia qaldıra bilərik. Bu məsələ ilə məşğul olmaq lazımdır”.

Çingiz İsmayılov: Torpağa “bu mənimdir” demək olmaz - 17.11.2016, Sputnik  Azərbaycan

Çingiz İsmayılov

Coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov mövzunu belə şərh edib: “Hər hansı bir müəssisə yerləşdirilərkən hərtərəfli, o cümlədən iqtisadi, siyasi və ekoloji qiymətləndirilmə aparılmalı, müəyyən edilməlidir ki, xammal bazası hardandır və s. Məlum olduğu kimi, əlvan metallurgiya çox tutumlu sahədir. Bunun üçün böyük həcmdə su, keyfiyyətli xammal ehtiyatları olmalıdır. Ekoloji fəsadlarının nə dərəcə olacağını müəyyənləşdirmək üçün isə araşdırılma aparılmalıdır, müəyyən etmək lazımdır ki, onun gücü, həcmi nə qədər olacaq, tullantılar hara axıdılacaq. Əgər o tullantılar Araz çayına axıdılarsa, təbii ki, həm ekoloji, həm də qida təhlükəsizliyinə mənfi təsir göstərəcək. Belə olan təqdirdə beynəlxalq səviyyədə çağırışlar edilməlidir”.

Ekoloji yönümlü QHT-lər də  bu layihə əleyhinə birgə bəyanat yayıblar. Onlar da ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar: “Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.

Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.

Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.

Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir. Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur.

Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.

Biz Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq.

Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.

Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”