Dövlət Xidməti biçilmiş sahələri yandıran şəxslərə xəbərdarlıq edib
“Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtləşdirilə bilər”.
“Report”un Sumqayıt bürosu xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son illərin statistikasına əsasən, Azərbaycanda biçənək sahəsinin istifadəçiləri yanlış təsəvvürlə həmin əraziləri yandırmaqla oradakı zərərvericiləri məhv etməyi düşünürlər: “Halbuki onlar bu addımla torpağın münbit qatını məhv edirlər. Bu kimi yanğınlar sonradan meşə yanğınları ilə nəticələnir. Onsuzda ölkəmiz az meşəsi olan ölkədir”.
H.Əlizadə vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib: “Belə hallara yol verən biçənək sahiblərinə münasibətdə sərt cəza tədbirləri görüləcək. Onlara verilən subsidiyalar geri alına, müvəqqəti sahələrlə əlaqəli icarə müqavilələri ləğv edilə bilər. Hətta onların məsuliyyətsizliyi meşə yanğınlarına səbəb olsa, onlarla bağlı cinayət işinin başlanılması da planda var”.
Qurum rəsmisi həmçinin əlavə edib ki, Azərbaycanda tullantıların idarəolunması səviyyəsi çox da yüksək deyil: “Hər bir insan tullantılarla davranışda böyük məsuliyyət hiss etməlidir. Ətraf mühitin tullantılardan təmizlənməsi həm də yay mövsümündə baş verən yanğınlardan mühafizə üçün çox vacibdir. Ötən illər baş verən yanğın hadisələrinin 90-95 %-i bilərəkdən ya da ehtiyatsızlıq səbəbindən baş verib”.