22 İyun 2024

Mərkəzi Asiya ölkələrindən bəziləri Qərbin sanksiyalarına qoşula bilər

Mərkəzi Asiyanın bəzi ölkələri riskə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Valday Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında deyib.

“Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq riskləri öz üzərlərinə götürmək istəmir. Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə söyləyirlər”, – deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, Rusiya heç kimə “qarşılıqlı öhdəliklərə, o cümlədən KTMT, AİB və MDB üzrə öhdəliklərə zidd olmayanda” hansı xarici və daxili siyasi kursun aparmalı olduğunu diktə etmir. “Biz əminik ki, Mərkəzi Asiya paytaxtları bunu yaxşı görür və başa düşür – Rusiya ilə əlaqələrin süni şəkildə pozulması bədnam ikinci dərəcəli sanksiyalardan daha ciddi zərərlə nəticələnə bilər”, – deyə o sözlərinə əlavə edib.

Mixail Qaluzin vurğulayıb ki, Rusiya Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərini ardıcıl şəkildə gücləndirməkdə qərarlıdır.