29 Mart 2024

Laçın yolunda yenə post qura bilmədik – Rusiya, yoxsa İrəvan əngəli…

Azərbaycanın XİN rəhbəri bu məsələdə əsas məsuliyyəti Ermənistanın üzərinə qoyur, bəs Moskva?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı zamanı bildirib ki, Ermənistan Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxır.

Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb. Belə də, Laçın yolu üzərindəki yüksəkliklər də artıq ordumuzun nəzarətinə götürülüb.

Yada salaq ki, fevralda Bakıda olan Rusiya XİN rəhbəri bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata – 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır.

“Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşların hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”, – deyə Lavrov bəyan edib.

Ekspertlərə görə, Lavrov bununla demək istəmişdi ki, Azərbaycan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidməti yaratmamalıdır. Lavrovun bizə “məsləhət” gördüyü texniki avadanlıqlar isə sadəcə, gözə kül üfürmək idi. Maraqlıdır ki, Azərbaycanın XİN rəhbəri bu məsələdə əsas məsuliyyəti İrəvanın üzərinə qoyur. Bəs niyə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxanlar sırasında Rusiyanın adı çəkilmir?

Bəhruz Məhərrəmov: İran terror dövlətidir

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin hücum siyasəti doktrinasının ən üstün cəhəti hədəfyönümlü olması və məqsədlərə doğru əlavə lüzumsuz detallara vaxt və enerji itkisinə yol verməməsidir. Onun sözlərinə görə, bu məsələdə istənilən halda, son sözü Azərbaycan deyəcək: “44 günlük Vətən müharibəsi göstərdi ki, regionda kənar təsir və fikirlər nə qədər önəmli olsa da, həlledici amil elə Azərbaycanın öz hərbi-siyasi gücü və müstəqil iradəsidir. O zaman da çoxsaylı təklif və proqramlar gündəmdə idi, tez-tez bəyanatlar eşidirdik, amma son nəticədə Azərbaycan BMT nizamnamələri başda olmaqla, beynəlxalq hüququn aliliyini özü bərqərar etdi. İndi də Laçın yolunda buraxılış məntəqəsi ilə bağlı müxtəlif fikir və mülahizələr fonunda, şübhəsiz ki, son qərar Azərbaycanın özünün olacaq.

Əgər Ermənistan da, Rusiya da Laçın yolunu dəhliz adlandırırsa, beynəlxalq hüquqla dəhliz yalnız humanitar məqsədlərlə açılır. Yəni bu yolla yalnız humanitar yüklər və bölgə ilə birbaşa hüquqi bağı olan əhalinin daşınması və hərəkəti üçün istifadə oluna bilər. Biz ekoaktivistlərin aksiyasına qədər bu “dəhliz”dən silah-sursat, canlı qüvvə daşınmasının, o cümlədən iranlı diversantların, fransalı təxribatçı siyasətçilərin bölgəyə gəlişi üçün istifadə edildiyini görmüşük. Həm də rusiyalı sülhməramlıların nəinki gözü önündə, hətta müşayiəti ilə, himayəsi altında. Hansı dövlət özünün ərazisindən separatizmə dəstək verilməsi üçün istifadə edilməsinə razı olar? Bu mənada nəzarət-buraxılış məntəqəsi ilk növbədə Azərbaycanın suveren hüququdursa, digər tərəfdən, bütövlükdə regionda sülh və sabitlik, separatizmlə mübarizə üçün mühüm vasitədir. Kimin hansı bəyanat verməsindən asılı olmayaraq, Azərbaycan özünün suveren hüququndan, bölgənin istiqrarına xidmət edən məqsədindən imtina etməyəcək”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu proseslərdə Türkiyədəki seçkilərin nəticələrinin çox önəm daşıya biləcəyini qeyd etdi: “Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin qurulması önəmlidir. Lakin bütün bunların reallaşdırılması elə də asan deyil. Çünki bunun üçün imkanların və istəklərin bir araya gəlməsi lazımdır. Biz Ermənistanı məğlub edib ərazilərimizi azad etdik. Amma bir az da olsa “yazva” qaldı. Səbəb nə idi? Biz dünyanın ən böyük dövləti ilə həmsərhədik. Bu dövlət hər nə qədər bizim bəzi siyasi şərhçilərimiz onun “dizini yerə qoysa da”, ayaqdadır. Özünü əhatə edən bütün bölgələrdə bu və ya digər cəhətdən hərbi mövcudluğa malikdir. Bütün dövlətlər kimi onun da daxilində xarici siyasətlə bağlı fərqli fikirlər və yanaşmalar var. Rusiya Ermənistanda qərbləşmə meyllərini görür. Ermənistan tarixən sonda fransızdan, ingilisdən də qaçıb yenə Rusiyaya sığınıb. İndi postmodern dünyada Paşinyan fərqli bir yol getmək istəyir. Bunun üçün Rusiya ara-sıra ona qulaqburması verir. Rusiyanın bizimlə bağlı siyasəti də ikilidir. Hazırda bizimlə hesablaşır, amma bizim də çox güclənməyimizi istəmir. Sadəcə olaraq, Türkiyə ilə olan tərəfdaşlığı səbəbilə bəzi məsələləri həzm edir. Türkiyə bizim qardaşımızdır. Dünya dövləti olmaq istiqamətində hərəkət edir. Daim yanımızdadır. Amma hazırda orada diqqət daxili problemlərə qarışıb. Digər tərəfdən, İranla problemlərimiz var. Bu ölkədə bizim diplomatik nümayəndəliyə qarşı terror oldu. Eyni zamanda İranın Ermənistanla isti münasibətləri onun heç də bu məsələdə islami prinsiplərdən çıxış etmədiyini göstərir. Bununla belə, soyuqqanlı olsaq da bilirik ki, onun bölgədə rıçaqları var.

Bizim üçün önəmlidir ki, bu rıçaqlar bizə qarşı istifadə edilməsin. Ona görə son zamanlar Azərbaycan XİN-lə İran XİN arasındakı müzakirələr əslində diplomatik tarazlıq üçün lazımdır. Qərbə gəldikdə, Laçında sərhəd keçidin varlığı və yoxluğu onun üçün önəmli deyil. Azərbaycanın bunu reallaşdırması üçün isə geosiyasi vəziyyətin yetişməsini gözləməsi, sayıq olması, ordunun daimi hazırlıqlı və intizamlı olması lazımdır. Rusiyanın adını niyə çəkmirlər? Əslində düz edirlər. Biz bütün diqqətləri Ermənistana yönəltməliyik. Əlavə oyunçuların adlarının çəkilməsi Azərbaycana nə fayda verə bilər ki? Rusiyada bizi sevməyən dairələr də var. Onların əlinə nə üçün əsas verək ki? Ermənistan var da. Onun üstünə nəyi var pressinq etmək lazımdır, adını tez-tez hallandırmaqla. Havadan təzyiq vasitələrini çoxaltmaq lazımdır. Ermənistanın dava-dava deyən qismi, deyəsən, müharibəni unudur. Ona görə aviasiyanın daim havada olması lazımdır. Dəhlizə keçid hələ qoya bilmiriksə, dəhliz uzunu və eni daim avianəzarəti aktiv etmək lazımdır. Ara-sırada bir Xankəndi üzərindən də uçuşlar etmək lazımdır. Lavrov deməyib ki, texniki vasitələr? Olar, elə bu sözün ucundan tutaraq “Texniki, aviasiya və quru nəzarət sistemlərinin Laçın dəhlizi üzərində tətbiqi haqqında” normativ hüquqi sənəd qəbul etmək olar. Bir sözlə, göydə və yerdə görsənmək lazımdır. Bir də qəti bir şəkildə qələbə eyforiyasına girmək olmaz. Bizim hələ işlərimiz çoxdur. Ermənilər də onlardan biridir. Daim oyanıq və diqqətli olmaq lazımdır. Daxili resursların və xarici amillərin birləşməsi anlarında yavaş-yavaş irəliləmək lazımdır. Azərbaycan üçün strateji, düzgün qərar bölgə dövlətləri ilə ehtiyatlı siyasət aparmaqdır. Tarix, siyasi proseslər bunu deməyə əsas verir. Azərbaycanın dövlət başçısı müharibə zamanı və sonrası öz çıxışlarında bu balansı həmişə gözləyib. Dövlətin digər məqamlarının fəaliyyətlərini, sözlərini və fikirlərini buna ayarlaması lazımdır. Ermənistanın dayanmayan diplomatik trafikini də ciddi izləmək lazımdır. İnşallah, Türkiyədə seçkilərdə bizə qardaşlığını sübut etmiş cinah qalib gələrsə, növbəti addımlara start verilər”.

Cavanşir ABBASLI