27 İyul 2024

Körpə ölümlərinə görə 10 ilədək cəza – həbslər davam edə bilər

Respublika Perinatal Mərkəzinə 2022-ci ilin dekabrında direktor təyin olunan Mehriban Abasquliyeva bundan əvvəl də medianın diqqətində olmuşdu

Yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı tibb müəssisəsinin 3 vəzifəli şəxsi barəsində ev dustaqlığı qərarı verilib. 

 Barəsində ev dustaqlığı verilən mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin istintaqla mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa, çoxsaylı tibbi avadanlıqların elektrik xətlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyeva isə həmin məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Sabunçu doğum evini Mehriban Abbasquliyeva bazara çevirib-Şok İddia –  XəbərAl.Az

Qeyd edək ki, Respublika Perinatal Mərkəzi 2009-cu ilin dekabr ayında istifadəyə verilib.  Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsidir. Mehriban Abasquliyeva Respublika Perinatal Mərkəzinə  2022-ci ilin dekabrında direktor təyin olunub.  Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 1986-1987-ci illərdə ATU-da internatura təhsili alıb. 1988-1994-cü illərdə 1 saylı Qadın məsləhətxanasında həkim-mama-ginekoloq, 1994-1998-ci illər arasında isə baş həkim vəzifəsində çalışıb. 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib. 2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum Evinin baş həkimi vəzifəsində çalışıb.

Türkiyə, Rusiya, Portuqaliya, Danimarka, Yunanıstan, Pakistan, İndoneziya kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib.

2007-2021-ci illər ərzində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri olub.

Mehriban Abasquliyeva 2 saylı Doğum Evində  işləyəndə onun barəsində mediada xeyli yazılar dərc edilib.  Bu doğum evi  Heydər Əliyevin təşəbbüsü ilə 1987-ci ildə istifadəyə verilib və daima dövlətin qayğısı ilə əhatə olunub.  Amma bu müəssisəsə haqda heç də yaxşı məlumatlar olmayıb. Mehriban Abasquliyevanın bu vəzifədə özünü doğrultmamasının bir səbəbini də onun keçmiş fəaliyyətində axtarmaq lazım gəlir ki, təəssüf ki, bu dəfə nəticə daha ağırdır.    

Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev  10 fevral 1966-cı ildə Qərbi Azərbaycanda Kalinino rayonu Evli kəndində anadan olub. 1983-cü ildə Bakı şəhəri 5 saylı kimya-biologiya təmayüllü internat məktəbini bitirib. Həmin il N.Nərimanov adına Tibb İnstitutuna daxil olub, 1989-cu ildə institutu fərqlənmə diplomu ilə bitirib.

H.Mustafayev 1989-1990-cı illərdə Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında interna-həkim olaraq çalışıb.1990-cı ildə Sumqayıt şəhər 1 saylı Doğum evində həkim anestezioloq-reanimatoloq işləyib, 1995-2000-ci illərdə anesteziologiya-reanimasiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib. O, 2001-2010-cu illərdə Respublika Doğum Evində Anesteziologiya-reanimasya şöbəsinin müdiri, 2010-cu ildən isə Respublika Perinatal Mərkəzində Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin müdiri vəzifəsində çalışırdı. 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Respublika Perinatal Mərkəzindəki yanğının meydana gəlmə səbəbi, yanğın təhlükəsizliyi sisteminin işlək vəziyyətdə olub-olmaması hələlik tam aydın deyil: “Hazırda istintaq gedir. İstintaqın nəticəsindən asılı olaraq cəlb olunan şəxslər barəsində hansı hüquqi addımların atılacağı bəlli olacaq. İstintaqa cəlb olunan şəxslərə ittiham elan olunan 225-ci maddə İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aiddir. Yanğın təhlükəsizliyi qaydalarını pozma adlanan bu maddənin 1-ci bəndində deyilir ki,  üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

225.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Respublika Perinatal Mərkəzinin 2 vəzifəli şəxsinə bu maddənin 3-cü bəndi ilə ittiham verilib. İttiham təsdiq olunarsa, həmin şəxslərin həbsi qaçılmaz ola bilər.

225-ci maddənin 3-cü bəndində deyilir: eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda- 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Respublika Perinatal Mərkəzinin direktorunun ittiham olunduğu 314-cü maddə səhlənkarlıq adlanır. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər kateqoriyasına aid olan maddənin 1-ci bəndində deyilir: Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda – 1500 manatdan 3 min manatadək miqdarda cərimə və ya 240 saatdan 460  saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Mərkəz direktoruna ittiham 314-cü maddəsinin 3-cü bəndi ilə verilib. Bu maddənin 3-cü bəndində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hüquq mərkəzinin rəhbəri deyib ki, mümkündür ki, cinayət işinin gedişatında Respublika Perinatal Mərkəzinin digər şəxsləri də istintaqa cəlb oluna bilərlər. 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”