23 Dekabr 2024

Könüllərdə əbədi yaşayacaq şəxsiyyət

Ömrünü ölkəsinə və xalqına həsr edərək xalqının sevgisini qazanan Heydər Əliyev ürəklərdə özünə yer tutmuş unudulmaz şəxsiyyətdir. Azərbaycanın bir dövlət  olaraq çökdüyü bir dönəmdə, xalqımızın ən çətin günlərində varlığı ilə, öz müdrik siyasəti ilə Azərbaycanımızın üzərinə günəş kimi doğdu. Ulu Öndər Heydər Əliyev mənalı ömrünü yorulmadan, usanmadan Azərbaycan üçün mübarizələrdə keçirmiş və xalqına xidmət etmişdir. Bu böyük dəyəri, sevgini anlayan xalq Heydər Əliyevi “Ümummilli lider “ ünvanıyla yaşatmaqda, xatirəsini əziz tutmaqdadır. Müstəqil Azərbaycanın qurucusu, memarı olan Heydər Əliyev həyatı boyu vətəninin, xalqının rifahını, gələcəyini düşünmüşdür. Hər birimiz televiziya qarşısında əyləşərək o dahi şəxsiyyətin səlis, axıcı, gözəl nitqini sevə-sevə dinləyirdik.

Hər bir insan üçün çizilmiş bir həyat yolu vardır. Heydər Əliyev üçün çizilmiş yol isə məhz Azərbaycana rəhbərlik yolu idi. Tarix çox şəxsiyyətlər yetişdirə bilər, ancaq hər şəxsiyyət həm tarixi, həm dahi, nümunəvi şəxsiyyət ola bilməz.Ən əsası isə yaddaşlardan silinməmək, könüllərdə var olmaq hər tarixi şəxsiyyətə qismət olmaz. Ümummilli lider Heydər Əliyev öz dünyagörüşü,savadı, alicənablığı ilə seçilirdi. Ulu öndəri digər ölkə rəhbərlərindən, dahi şəxsiyyətlərdən fərqləndirən xüsusiyyət onun xalqına olan səmimi münasibəti, sadəliyi, təvazökarlığı idi.Sadə bir ailədə dünyaya gələn Heydər Əliyev ömrü boyu öz sadəliyini qorudu.Bununla da xalqı ilə Öndər arasında möhkəm bağ quruldu. Dahi şəxsiyyət ola bilərsən, tarixi şəxsiyyət ola bilərsən, rəhbər ola bilərsən, lakin insan kimi nəcib əsil  insan olmaq və bütün bu xüsusiyyətləri özündə cəm etmək hər bəşərə qismət olmaz.

Adın tək tarixlərdə qalmadı sənin

Qəlblərdə yer alan, ey ulu Öndər!

Bu dövlət, millətimiz var olduqca

Daim yaşayacaqsan, ey ulu Öndər!

Memarı sən oldun bu azad yurdun

Uğurla yeni Azərbaycan qurdun

Səninlə gücləndi bu şanlı Ordun

Ruhun rahat olsun, ey ulu Öndər!

Qürurlan, fəxr eylə İlham oğlunla

Vəsiyyətin gerçək oldu onunla

Azərbaycan bütövdür Qarabağla

Ruhun şadlıq etsin, ey ulu Öndər!

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi nəticəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı,ölkəmiz öz müstəqilliyinə qovuşdu. Bugünkü  Azərbaycanın inkişafının təməlini məhz Heydər Əliyev siyasəti təşkil edir. Kiçikdən böyüyə, hər kəsin sevimlisi olan Heydər Əliyev özündən sonra daim qoruduğu, mühafizə etdiyi xalqı üçün azad, çiçəklənən, günü-gündən də inkişaf edən bir ölkə və xalqının etibar edəcəyi siyasətçi, rəhbər qoyub getdi. Bu gün hər birimiz uğurlu Heydər Əliyev siyasətinin davamı olaraq, uğurlu, eyni zamanda özünəməxsusluğu ilə də seçilən İlham Əliyev siyasətinin təntənəsinin, nailiyyətlərinin şahidi oluruq. Ata vəsiyyətini gerçəkləşdirən Ali Baş Komandan İlham Əliyevin üstün zəkası, siyasi bacarığı nəticəsində 30 illik həsrətə son qoyuldu və Azərbaycanımızın bütövlüyü təmin oldu. Ümummilli liderimizin görmək istədiyi Azərbaycan bütünləşdi.Bu şanlı zəfərin, xarıbülbül qoxulu qələbəni gözləri ilə görmək nəsib olmasa da, inanıram ki,ruhu bu qalibiyyətin şahidi oldu. Ruhun şad olsun, ey ulu Öndər!

Əsmər Məmmədova :pedaqoq, gənc yazar