27 Oktyabr 2024

İşğalçıya xəbərdalıq: Bu qatarın dalınca baxma!

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində iki dövlət arasında sülh sazişinin imzalanmasının vacibliyini diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, sülh müqaviləsi, ölkəmizin təklif etdiyi beynəlxalq səviyyədə dəstəklənən beş prinsip əsasında imzalanmalıdır. Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməzliyi ilə bağlı qəti mövqeyini dəfələrlə bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı ittihamların əsassız olduğunu bildirib. O, Azərbaycanın Qarabağ ərazisində təbii yataqların qanunsuz istismarı ilə bağlı ekofəalların öz missiyalarını təkliflərinə əməl olunana qədər davam etdirəcəklərini də xüsusi vurğuladı. Eyni zamanda digər önəmli məsələlərdən də bəhs etdi.
«Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır» sözləri ilə sülh sazişinin imzalanması üçün vacib şərtləri diqqətə çatdırdı.

Dövlət başçımız dəfələrlə bildirdi ki, Qarabağ erməniləri çoxmillətli ölkə olan Azərbaycanın vətəndaşlarıdırlar. Azərbaycan Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır. «Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs – Vardanyan bizim ərazimizi tərk etsin» sözləri ilə Azərbaycanın təbii sərvətlərini talan etməklə Xankəndidə insanlar arasında təxribat aparan Ruben Vardanyanın əməllərini sülh sazişinin imzalanmasına bilərəkdən törədilən əngəl adlandırıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı Brüssel formatını xatırladaraq bildirdi ki, bu iki ölkənin razılığa gəlməsinə dəstək sülh danışıqlarını tezləşdirə bilər. Bəllidir ki, bu gün də bölgədə sabitliyin təminatını istəməyən qüvvələr mövcuddur. Beynəlxalq təşkilatlar da aydın başa düşürlər ki, milli mənsubluğundan asılı olmayaraq sülh danışıqlarına humanitar yardım prizmasından yanaşmaq daha vacibdir.

Xankəndidə baş verənlərdən aydın olur ki, əhali də Rusiyanın bölgəyə göndərdiyi Ruben Vardanyanı istəmir. «Separatçıların başçısı”» Araik Arutyunyanın oliqarx milyarder Vardanyanla münasibətləri də yaxşı deyil. Bu qarşıdurmadan bezən sadə ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəklərini dəfələrlə bildiriblər. Amma Fransa kimi Ermənistana havadarlıq edən digər qərəzli dairələr yerli əhaliyə təsir və təzyiq göstərərək onları fikirlərindən yayındırırlar. Dünən “vəzifə”sindən azad olunan Vardanyanın Xankəndidən çıxarılması rəsmi Bakının da əsas tələblərindəndir. Bütün hallarda sülh sazişinin imzalanması üçün vacib şərtlərin yerinə yetirilməsi Ermənistanın müstəqil seçimindən asılıdır. İllərdən bəri regionda həyata keçirilən enerji və nəqliyyat layihələrindən kənarda qalan, iqtisadi böhrandan əziyyət çəkən Ermənistan sülh sazişinin imzalanmasının ilk növbədə onun üçün daha vacib olmasını anlamalıdır. Amma zaman keçdikcə yaranan imkandan istifadə şansını əlindən buraxan Ermənistana deyiləcək: “Bu qatarın dalınca baxma!”