04 Oktyabr 2024

Ermənistan nəyi və ya kimi gözləyir?..


Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bu gün qalib Azərbaycanın uğurlarından böyük qürurla bəhs edirik. Təbii ki, hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Ölkəmizin 44 gündə 30 ilin işğalına son qoyması, çoxəsrlik tarixinin Zəfər səhifəsini yazması malik olduğu imkanların, torpaq, Vətən sevgimizin dünyaya təqdimatı oldu. Con iki ildən artıq dövrdə dövlət başçısı İlham Əliyev qatıldığı beynəlxalq səviyyəli tədbirlərdə postmünaqişə dövrü ilə yanaşı, 30 illik işğal mərhələsinin reallıqlarından da geniş bəhs edir, münaqişənin həlli prosesinin uzanmasına səbəb olan amilləri diqqətə çatdırır. Bu günlərdə keçirilən Münxen Təhlükəsizlik Konfransı tarixə Azərbaycanın növbəti diplomatik uğuru kimi yazıldı. Dövlət başçısı İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflərini səsləndirməklə yanaşı, Azərbaycanın 30 illik işğal dövründə yaşadıqlarını, ermənilərin bu torpaqlarımızı tamamilə dağıtdıqlarını, tarixi və dini abidələrimizi yerlə-yeksan etdiklərini əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı.Hazırkı dövrün əsas tələblərindən biri dövlətlərarası münasibətlərdə etimad mühitinin qorunması və möhkəmləndirilməsidir. Bu fikri hər zaman deməyi özümüzə borc bilirik ki, Azərbaycan ermənilərin 30 ildə, o cümlədən 44 günlük İkinci Qarabağ müharibəsi zamanı törətdikləri vəhşiliklərə, faciələrə baxmayaraq tarixi Zəfərimizdən sonra Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təklif etdi. O zamandan iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də kimisə və nəyisə gözlədiyini nümayiş etdirir. İşğalçı dövlət keçmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpa olunmasında maraqlı olduğunu açıq-aşkar büruzə verir. Lakin Azərbaycan dövlətinin Minsk qrupu ilə bağlı mövqeyi məlumdur. Dövlət başçısı İlham Əliyev sözügedən plenar iclasda da bu məsələyə diqqət yönəldərək bildirdi ki, Minsk qrupu artıq faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcuddur. 28 il ərzində heç bir nəticə verməmiş Minsk qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa İttifaqı tərəfindən təşkil edilən platformamız var. Fransa hökumətinin birtərəfli ermənipərəst mövqeyi səbəbindən o, artıq orada yoxdur. Bu da aydındır, sən vasitəçisənsə, kiminsə tərəfini saxlaya bilməzsən. Siz kiminsə tərəfini saxlamağınızı nümayiş etdirə bilməzsiniz.Reallıq budur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platforma var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü Brüssel prosesinə sadiq olduğumuzun təsdiqidir. Həmçinin Prezident İlham Əliyevin Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü oldu. Görüş zamanı Brüssel prosesinin və üçtərəfli formatın müzakirə edildiyi bildirilir. Bu formatın üçtərəfli, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır.Cənab İlham Əliyev plenar iclasda bu məqama da diqqəti çəkdi ki, biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi: “Bizim təcrübəmizə əsasən sizə deyə bilərəm ki, bəzən sülh danışıqları çox uzun sürür. Biz 28 il ərzində sülh danışıqları apardıq. Siz bunu təsəvvür edə bilirsiniz? 1992-ci ildən 2020-ci ilədək.”Ümumilikdə builki Münxen Təhlükəsizlik Konfransı həm iştirakçıların say tərkibi, həm də müzakirəyə çıxarılan mövzular baxımından diqqətdə oldu. Azərbaycan bütün platformalardan tarixi ədalətə, real faktlara əsaslanan siyasətinin uğurlarından geniş bəhs edərək gələcəyə inamla addımladığını bildirir.