23 Dekabr 2024

İnfeksionistdən “korona” dərmanları ilə bağlı ŞOK AÇIQLAMA

Vüqar Cavadzadə: “Favipiravir” və “Remdesivir”  müalicədən çıxarılmalıdır“

Koronavirusla mübarizə dönəmdə müalicə üsullarında  bəzi dəyişikliklər aparılır. Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı yeni təlimatı açıqlayıb. Sənədə görə, “Hidroksixloroxin” COVİD-19 müalicəsi üçün təyin olunan dərmanlar siyahısından çıxarılıb. Bunun əvəzinə bu siyahıya “İmmunoglobulin” əlavə edilib. Ondan xəstəxanada müalicə alan xəstələrin müalicəsi üçün istifadə edilməsi tövsiyə olunub. Ümumilikdə, beş dərman – “Favipiravir”, “Remdesivir”,  “İnterferon-alfa”, COVİD-19-a qarşı insan immunoglobulini, “Umifenover” dərmanlarının siyahısı verilib.

Bəs görəsən, bizdə də yeni dərman siyahısı açıqlana bilərmi? Ümumiyyətlə, virus əleyhinə hansı dərman bu günə kimi özünü doğrulda bilib?  Bu arada Azərbaycanda COVİD-19-a yoluxanların və ölənlərin sayı azalıb. Heç bir xüsusi karantin tətbiq olunmadan bu nəticəni necə əldə edə bilirik? Səbəb vaksinasiya prosesinin sürətlənməsidirmi? Yoxsa bu, havaların isinməsi ilə bağlıdır?

Yeri gəlmişkən, Polşa hökuməti mayın 15-dən etibarən ölkədə açıq havada maska rejimini ləğv edib. Qeyd olunur ki, vətəndaşlar küçədə sözügedən tarixdən etibarən 1,5 metrlik sosial məsafəni qorumaq şərti ilə açıq havada maskasız gəzə bilər. Bizdə də açıq havada qadağa qaldırıla bilərmi? Gürcüstanda peyvənd olunan 300-dən çox şəxs COVID-19-a yoluxub. Gürcüstanda martın 15-də başlayan vaksinasiya çərçivəsində “Pfizer”,  “AstraZeneca” və “Sinopharm” vaksinləri tətbiq edilir. Bəs, bizdə vaksindən sonra yoluxma sayı nə qədərdir?

Vüqar Cavadzadə: Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə,  antiviral preparatlar qəbul edirlər - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə “Yeni Müsavat”a danışıb: “İlk olaraq qeyd edim ki, bu gün dünyada konkret COVİD-19 əleyhinə antivral preparat yoxdur.  ”Favipiravir”, “Remdesivir”in  effektli olduğu sübuta yetirilməyib. Fikrimcə, istər  “Favipiravir”, istətsə də “Remdesivir” effektli preparatlar deyil. Bunların xəstələrə xeyrindən çox, ziyanı var. Toksiki təsirləri daha çoxdur. Qəbul edən şəxslərdə ürək bulanma, qusma, ishal, baş ağrısı kimi hallar müşahidə edilir. Yəni yeri gəldi-gəlmədi, kim necə istəyir təyin edir. Bu preparatların xeyri tibdə sübut olunmayıb. Fikrimcə, ümumiyyətlə,  “Favipiravir” də, “Remdesivir” də COVİD-in müalicəsindən çıxarılmalıdır. Burada immun sistemini aktivləşdirən preparatlar, polivitaminlər yer almalıdır. Onsuz da COVİD-ə yoluxmuş  şəxslər immun sistemi aşağı düşmüş olur, laboratoriyada kimyəvi yolla alınan bu dərmanları xəstələrə tətbiq etməklə vəziyyəti ağırlaşdırırlar. COVİD-dən sağalmada əsas faktor orqanizmin immunitetidir. İmmunitet güclüdürsə, orqanizm özü viruslarla mübarizə aparır və həmin insan sağalır. Biz əgər xəstə şəxsə “Favipiravir”lə “Remdesivir”i təyin ediriksə, onun immun sisteminin fəaliyyətini tamamilə aşağı salmış oluruq. Bu preparatların hər hansı müsbət nəticəsi bu günə kimi sübut olunmayıb. Amma insanların psixologiyasına yerləşdirilib ki, bu dərmanları qəbul etsəniz, sağalacaqsınız. Tamamilə yanlış bir düşüncədir. Yəni COVİD yeni başlamış bir infeksiyadır. Sanki preparatlar tətbiq olundu, effekti insanların üzərində öyrənildi. Kimin ağlına nə gəldi, hansı preparatı istədi tətbiq elədi. Hansında müsbət  effekt alındısa, dedilər bu sağaldır. Bəlkə də heç preparatdan deyil, insan orqanizmi özü sağaldı, immun sistemi sayəsində. Yenə deyirəm, konkret antivral preparat yoxdur, insanlar bu kimi dərmanları qəbul edir, xeyrindən çox ziyanını görürlər”. 

İnfeksionist son günlər həm yoluxma sayının,  həm də ölüm saylarının azalmasından da söz açdı: “Ümumiyyətlə, hər bir epidemik prosesin alovlanması var, bizdə növbəti  epidemik alovlanma aprel ayında baş verdi. İndi isə həmin artım azalmağa doğru gedir. Bu da təbii bir göstəricidir. Hər bir infeksiyanın artması var və sonradan azalması var. Təbii ki, burada azalmada müəyyən faktorlar da rol oynadı. Yoluxma sayının azalmasında əsas faktor vaksinasiyanın aparılmasıdır. Digər bir səbəb də mart ayında bayramlarda  ictimai nəqliyyatın işləməməsidir. Bu da yoluxmaların azalmasına səbəb oldu. Digər tərəfdən də insanların böyük hissəsi qaydalara riayət elədi. Maska taxdı, sosial məsafə gözlədi. Bu faktorlar da yoluxmaların azalmasına səbəb oldu. Növbəti həftədə də ictimai nəqliyyat  işləməyəcək. Bu da yoluxmaların daha da azalmasına səbəb olacaq. Yoluxmaların artmasında ictimai nəqliyyatın  öz payı var”.

Həkim “vaksinasiya olunanlar arasında  yoluxanların sayı çoxdurmu” sualına da cavab verib: “Vaksinin birinci dozasını alandan sonra yoluxanlar oldu. İkinci dozanı alanlardan da tək-tək insanlarda yoluxma halları müşahidə edildi. Bunlar da araşdırılanda məlum olur ki, yanaşı xəstəlikləri var.  Yanaşı xəstəliyi olan insanlarda ola bilsin ki, immunitet kifayət qədər formalaşmasın. Gürcüstanda bu böyük rəqəmdir. Bizdə isə bu barmaqla sayılacaq qədər azdır. Öz şəxsi təcrübəmdə gördüm ki, çox az sayda insan iki dəfə vaksinasiyadan sonra xəstələndi. Yaşlı, yanaşı xəstəliyi olsa belə, xəstəliyi yüngül keçirdilər. Vaksin ona görə tətbiq edilir ki, xəstəlik yüngül keçsin, ölüm halları olmasın”.

Yeri gəlmişkən, Bolqarıstanın məşhur siyasətçi və publisisti Plamen Paskov milli televiziyadakı çıxışında koronavirusa qarşı vaksinlər barədə sensasion açıqlama verib. O, fikirlərini həm də veterinar həkim kimi əsaslandırıb. Bir vaxtlar işi ilə bağlı o, heyvanlarda koronavirusları öyrənib. Paskov çıxışında dünyada hələ koronavirusa qarşı vaksin, eləcə də dərman hazırlanmadığını iddia edib. “İstənilən virusa qarşı preparat vaksin etiketini ancaq 1-2 illik klinik tədqiqatlardan sonra ala bilər. Ona görə cəmi 4-6 ayın içində hazırlanmış indi dünyada peyvənd adıyla təqdim edilənlər vaksin deyil”. Bəs o zaman insanlara indi vurulanlar nədir? Paskov Pfizer də daxil olmaqla, bütün preparatları effektivliyi və təhlükəsizliyi elmi olaraq tam 100%  sübut olunmamış bioməhsul, biomaterial adlandırıb.

V.Cavadzadə Paskovun bu açıqlamasına da  münasibət bildirib: “Onun dediyini mən haqlı saymıram. Çünki bu virusa qarşı vaksin ilk dəfə Çində hazırlandı. Virusu necə əldə olunur? Virus canlı orqanizmdən əldə olunur, fiziki, kimyəvi faktorların təsiri nəticəsində o zərərsizləşdirlir. Amma onun antigen xüsusiyyəti saxlanılır. Yəni vaksin belə hazırlanır. Peyvəndin hazırlanmasında çətin bir proses yoxdur. Nə də böyük bir vaxt aparan mərhələ yoxdur. Bu tam inatkiv vaksin idi, qısa zamanda da hazırlandı. İnternet dünyasıdır, kimin ağlına nə gəlir, onu da yazır. Bu qədər ölkələr, dünya vaksinasiyadan istifadə edir, bir nəfərim sözünə görə peyvəndləmədən imtina etmək olmaz”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”