20 Aprel 2024

İki ölkənin dostluğu və qardaşlığı daha da möhkəmləndi, daha sarsılmaz oldu

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilmişdir. Zəfər paradı 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı adı ilə Vətən müharibəsindəki Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayişi olmuşdur. Bu ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə idi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Həmçinin Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

44 günlük müharibənin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir. Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər.

Bu baxımdan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu.

Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. İnkişaf Qələbənin əsasıdır. Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik.

Musa Mursaquliyev

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru