16 İyun 2024

İki dövlət arasında dostluğun dərin kökləri və tarixi var

Azərbaycan İkinci Qarabağ müharibəsi ilə ərazilərini işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bu ərazilərdə geniş quruuculuq işlərinə başlanıldı. Şəhərlər, kəndlər yenidən qurulur, gərəkli infrastrukturlar yaradılır, ən müasir tələblər əsasında yollar çəkilir, müxtəlif ərazilərdə sənaye müəssisələrinin inşası üçün təməllər  qoyulub, inşa prosesi uğurla davam etdirilir. Quruculuq işləri Vətən müharibəsində qazanılmış Zəfərin davamı olacaq.

Azərbaycn Respublikasının Prezidenti cənab  İlham Əliyev mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak edib. Azərbaycan ictimaiyyəti də, İran ictimaiyyəti də, dünya ictimaiyyəti də hər iki tədbiri tarixi hadisə kimi dəyərləndirir. Bu layihələrin gerçəkləşməsi ərazidə sənayenin də, kənd təsərrüfatının da inkişafında əhəmiyyətli olacaq. Digər tərəfdən, bunlar iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsini də təmin edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxışında qeyd etdi ki, “Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir”.

Prezident İlham Əliyev çıxışında dünyəvi prosesləri əhatələyən mətləblərdən də danışaraq son illərin ən çox diqqəti çəkən problemlərindən də söz açdı: “Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq”.

Azərbycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev onu da qeyd etdi ki, İran-Azərbaycan dostluğu sarsılmazdır.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini