16 İyun 2024

Azərbaycanla İran arasında münasibətlər təkcə qonşuluq bağları deyil, tarixi kök bağlılığıdır

Müstəqil dövlətimizin milli maraqlar prinsipləri əsasında həyata keçirdiyi xarici siyasəti nəticəsində ölkəmizin müstəqillik təməlinin sütunları daha möhkəmlənib. Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın bir çox dövlətlərlə münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edilib, layihərər reallaşıb ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Əlbəttə ki, Azərbaycanla İran arasında münasibətlər təkcə qonşuluq bağları deyil, tarixi kök bağlılığıdır. Ötən 30 il ərzində iki ölkə arasında münasibətlər heç də həmişə hamar səciyyə daşımasa da, hər iki dövlətin siyasi elitasında müştərək tarixi-mədəni irsə, ümumi mənafelərə istinadla, əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və inkişafına əsaslanan baxışlar üstünlük təşkil etmişdir.

Azərbaycan Respublikası məhz İranla ən uzun sərhədə malikdir. Sərhədin o tayında isə on milyonlarla etnik azərbaycanlı yaşamaqdadır. Bu amillər münasibətləri normal məcrada saxlamağı hər iki ölkə üçün zəruri edir.Heç kimdə şübhə doğurmur ki, hər iki ölkə rəsmilərinin birgə keçirdikləri görüşlər zamanı hər zaman bu amillərə diqqət yetirilmişdir. Məhz bu görüşlərdən biri cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edərkən deyib: “İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşü “Tarixi bir görüş” kimi dəyərləndirib. “Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, quracaq, belə gözəl xariqələr yaradacaq”, – deyə Azərbaycan Prezident diqqətə çatdırıb. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan və İran səmərəli əməkdaşlıq imkanlarını uğurla davam etdirəcəkdir.

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış hər iki xalq və dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin icrasıdır. Bu bəndin suyundan həm içmək, həm də kənd təsərrüfatı sahəsində istifadə ediləcək, o cümlədən 40 min insan üçün burada iş yerləri yaranacaq. Bu su bəndini inşa edən mühəndislər dünya səviyyəsində tanınmış mühəndislərdir. Çünki İran dünyada su bəndi tikmək sahəsində ilk dördlüyə daxil olan ölkələrdən biridir. Araz su bəndinin inşasından 50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcək.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı