20 Aprel 2024

İcra-bələdiyyə münasibətlərində Nərimanov təcrübəsi (II yazı)

İcra-bələdiyyə münasibətləri Nərimanov rayonunda öz həllini necə tapıb? Əslində bu rayonda tək bir bələdiyyənin formalaşması ümumi prosesə müsbət təsir edən amil kimi nəzərə alınmalıdır. Rayon üzrə vahid bir bələdiyyənin olması həm icra strukturlarının, həm də elə bələdiyyənin fəaliyyətini asanlaşdırır.

İş elə gətirib ki, 2001-ci ildə bələdiyyə sahəsində ilk təcrübəmi məhz Nərimanovda keçdiyimdən bələdiyyənin də fəaliyyətini bu gündə daim izləməkdəyəm.

Etiraf edim ki, ilkin dövrdə həm təcrübəsizlikdən, həm təsadüfü adamlara səs verdiyimizdən bələdiyyənin fəaliyyəti nəzərə çarpmayıb, hiss edilməyib. İlkin fəaliyyət dövründə tez-tez baş verən sədr dəyişiklikləri, hərc-mərcliklər nəticəsindəki fəaliyyətsizlik həmdə seçicilərində narazılğınına səbəb olmuşdu. Əlavə edim ki, ilkin dövrdə proseslərdə neqativ hallara görə seçkinin nəticələrinin ləğv edilməsi ücbatından rayon bələdiyyəsi digərlərindən fərqli olaraq gec formalaşdırılmışdı.

Bu gün inzibati bina məsələsində “İntek”MMC-nin və Nərimanov Məhkəməsinin yaratdığı çətinliklərə baxmayaraq öz fəaliyyətiylə Nərimanov bələdiyyəsi təcrübəsi yayıla biləcək səviyyəyə çatmışdır. Və bu işdə Nərimanov RİH-ində xüsusi rolu olması da danılmazdır.

Qeyd edim ki, Nərimanov RİH-nin başçısı Elgin Həbibullayevin təyinatından sonra bələdiyyə-icra münasibətləri inkişafının yeni bir dövrünə qədəm qoyub. Səyyar görüşlərin keçirilməsi, vətəndaş qəbulları zamanı bələdiyyənin fəaliyyətinə önəm verilməsi artq ənənəyə çevrilib. Habelə vətəndaşların qaldırdığı məsələlərə operativ reaksiyanın verilməsindən başlamış, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, habelə altı nəfər şəhid alilənin üzvünün bələdiyyə qulluqçusu kimi işlə təmin edilməsi, 40-a yaxın qazi və şəhid ailəsinin üzvünün maddi-mənəvi dəstəyin göstərilməsi məhz icra-bələdiyyə münasibətlərinin düzgün quruldugundan xəbər verir.

Müşahidələr göstərir ki, icra bələdiyyə münasibətlərinin düzdün səmtdə və qarşılıqlı əməkdaşlıq şəraitində qurulması nəticə etibariylə rayondakı problemlərin həllinə də öz müsbət təsirini göstərmiş olur.

***

Ancaq Nərimanov rayonunda qurulmuş icra-bələdiyyə münasibətlərinə paytaxtın digər rayonlarında az rast gəlmək olar.

Bələdiyyənin həyata keçirdiyi layihənin bəzi rayon icra hakimiyyətləri tərəfindən konkret olaraq öz adlarına yazılması, yayılan digər məlumatlarda bələdiyyənin adının belə çəkilməməsi bələdiyyələrində fəaliyyətində istər-istəməz narahatlıq yaradan məqamlardandır. Bununla yanaşı bələdiyyənin öz fəaliyyətiylə bağlı yaydığı məlumata görə RİH təmsilçiləri tərəfindən etiraz edilərək irad bildirilməsi də fakt olaraq diqqəti çəkir. Başqa bir narahatlıq yaradan məqam isə bələdiyyənin kifayət qədər maliyyə vəsaitiynən hazırladığı layihənin açılışına maneə yaradılmasıdır.

Üstəlik vətəndaş qəbulları zamanı bəzən bələdiyyə sədrlərinə qarşı qeyri-etik formada edilən müraciətlər sözsüz nəticə etibariylə bələdiyyənin çəki və nüfuzuna təsirsiz ötüşmür.

Son olaraq onu da əlavə edim ki, yuxarıda qeyd edilən məqamların hər biri fakta söykənir. Bu dəfə rayon adları çəkilməsə də, növbəti yazılarda konkret olaraq rayonların adlarını çəkməyi də nəzərdə tutmuşuq.

***

Nəticə etibariylə qısa şəkildə olsa da növbəti dəfə icra-bələdiyyə münasibətlərinə toxunduq. Güman edirəm ki, icra-bələdiyyə münasibətlərində Nərimanov təcrübəsindən istfadə edilməsi nəticə etibariylə həm yerli icra hakimiyyəti orqanlarının, həmdə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsində öz müsbət rolunu göstərmiş olacaqdır.

Vüqar TOFİQLİ

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birlyinin sədri