23 Dekabr 2024

İcbari tibbi sığorta ilə bağlı ödənişlər

Bunun qarşılığında hansı hüquqlarımız yaranıb?

Aprelin 1-dən bütün ölkə vətəndaşlarının həyatına icbari tibbi sığorta faktoru daxil olub. Artıq rəsmi iş yeri olan vətəndaşların əmək haqqından bunun üçün vəsait tutulur, digər müxtəlif kateqoriyadan olan vətəndaşların sığorta pulunu isə dövlət ödəyir və bununla vətəndaşlar bütünlüklə icbari tibbi sığorta ilə əhatələnib. Bununla yanaşı, yeniliklərdən biri də arayışların artıq pullu olmasıdır və müxtəlif arayışlara müvafiq olaraq 5-30 manat arasında rüsum ödəniləcək. Bəs görəsən, bütün bu ödənişlərin və dövlət büdcəsindən İcbari Tibbi Sığorta Agentliyinə ayırmaların müqabilində bizi hansı xidmətlər gözləyir, səhiyyə müəssisələri qarşısında hansı hüquqlarımız yaranır?

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən sığorta eksperti İlkin İbrahimov bildirdi ki, vətəndaşlar ilk növbədə necə müraciət etmək formasını bilməlidirlər: “Onlar şəxsiyyət vəsiqəsinin arxasında yazılan qeydiyyat ünvanlarında yerləşən  müvafiq poliklinikaya gedib sahə həkiminə yaxınlaşmalıdırlar. Kənddə yaşayanlar isə kənd həkiminə yaxınlaşıb qeydiyyata düşməlidirlər. Artıq sahə həkimləri ”ailə həkimi” adlanır. Hər hansı xəstəliklə bağlı ilkin müayinə üçün bu həkimlərə müraciət olunmalıdır. Təcili və təxirəsalınmaz hallar üzrə isə təcili yardıma müraciət edilməlidir. Təcili yardımdan sonra da onlar göndərişi ailə həkimlərinə verirlər. Bu ailə həkimləri özləri baxır, müayinə edir, daha sonra isə onu ixtisaslı həkimlərə yönəldir. Əgər həmin həkim yaxın məsafədə varsa, ona göndəriş yazır. Lakin hansısa bölgədə müvafiq ixtisaslı həkim yoxdursa, ehtiyac olduqda Bakı şəhərinə göndərir. İstifadə edə biləcəyimiz tibbi xidmətlərin siyahısı var, ümumilikdə 3550 adda xidmət İcbari Tibbi Sığorta Agentliyinin siyahısındadır. Vətəndaşlar almaq istədikləri xidmətlə bağlı o siyahıya baxır, onun pullu xidmət, yoxsa sığortaya daxil olan xidmət olduğunu müəyyən edirlər”.

İlkin İbrahimov: Həmin sığorta şirkətlərinin adını bir-bir qeyd edəcəyəm

İlkin İbrahimov

Ekspertin sözlərinə görə, bu xidmətlərdən demək olar ki, ölkənin bütün vətəndaşları yararlanacaq: “18 yaşına kimi bütün vətəndaşlar dövlət büdcəsi hesabına icbari tibbi sığortadan yararlanacaq. İşsizlik müavinəti alan vətəndaşlar, aztəminatlı vətəndaşlar, 2024-cü ilə kimi qeydiyyatdan keçən və ya keçməyən bütün işsiz vətəndaşlar dövlət büdcəsinin vəsaiti hesabına sığortalanacaqlar. Dövlət onlar üçün büdcədən İcbari Tibbi Sığorta Angentliyinə sığorta haqqı ödəyir. Bundan əlavə, əmək haqqı 8 min manata qədər olan qeyri-neft sektorunun işçiləri üçün 2 faiz işçinin əmək haqqından, 2 faiz də işgötürənin hesabından sığorta pulu tutulur. Ümumilikdə 4 faizdir, lakin 2021-ci il üzrə bunu 1 faiz ediblər, ölkə üzrə güzəşt tətbiq olunub. Yəni əmək haqqı 8 min manatı keçmirsə, hazırda vətəndaşın əməkhaqqından 0,5 faiz tutulur. Bütün pensiyaçıların sığorta pulu dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşir. Bu da onu göstərir ki, dövlət bununla bağlı bütün vətəndaşları öz əhatə dairəsinə alıb”.

Arayış məsələsinə gəlincə, İ.İbrahimov qeyd etdi ki, bu artıq pullu xidmətə çevrilib: “Elə arayışlar var ki, pulsuz təqdim olunur, elə arayışlar da var ki, onlara görə rüsum 5 manatdan 40 manata kimi, 50 manata kimi dəyişə bilər. Bu həmin arayışın hansı xidmətlərlə bağlı olduğundan və onun alınması üçün nə qədər sənəd lazım olmasından asılıdır”.

Ekspert onu da vurğuladı ki, icbari tibbi sığortanın özünü nə dərəcədə doğrultması vətəndaşların fəallığından  və ictimai nəzarətdən asılı olacaq.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”