02 Mart 2024

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu

Heydər Əliyev SSRİ rəhbərliyindən istefaya gedəndən sonra 2 həftə keçməmiş erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı.

1982-cü il, 3 dekabr tarixi. Həmin tarixdə xalqımızın ümummilli lideri Heydər Əliyev Bakıdan keçmiş ittifaqın paytaxtı Moskvaya getdi. Bu gediş adi bir gediş deyildi. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilmiş  və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. İttifaq rəhbərliyində Onu məsul vəzifələrin icrası gözləyirdi. Keçmiş ittifaqda və onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar və bütün İslam dünyasını təmsil edən insanlar Ulu Öndərin dünyanın ən böyük dövlətlərindən birinin ali rəhbərliyinə yüksəlməsinə görə bir-birlərinə gözaydınlığı verir, bundan sonsuz iftixar duyduqlarını bildirirdilər. Ermənilərin Dağlıq Qarabağa iddiaları həmişə olub, onlar bu məsələni daim müxtəlif yollarla ittifaq dövlətinin gündəliyinə daşımağa çalışıblar. Ancaq Heydər Əliyev fenomeni həmişə onların bəd niyyətlərini gözlərində qoyurdu. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, Heydər Əliyev ermənilərin qarşısında bir sipər kimi dayanırdı. Ulu Öndər ötən əsrin altmışıncı illərində Azərbaycan SSR DTK-da müxtəlif vəzifələrdə çalışarkən və sonradan qurumun sədri olarkən erməni millətçilərinin Ermənistanda və Xankəndidə Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı fəaliyyətlərinin izinə düşmüşdü. Erməni millətçiləri tərəfindən hazırlanan bu ssenarilər müxtəlif istiqamətləri əhatə edirdi. Bu ssenarilərə həmçinin Xankəndidə və digər ərazilərdə erməni əhalisinin Azərbaycan hakimiyyətindən narazılığını ifadə edən aksiyaların təşkil olunması, milli zəmində cinayətlərin törədilməsi, hətta erməni gənclərinin azərbaycanlılar tərəfindən qətlə yetirilməsi, Dağlıq Qarabağın respublikamızla iqtisadi bağlılığının olmaması ilə əlaqədar təbliğatlar aparılması və s. daxil idi. Sonrakı mərhələdə-Ulu Öndər Moskvada keçmiş ittifaq rəhbərliyində çalışdığı dövrdə də ermənilərin Dağlıq Qarabağla bağlı iddialarının gündəmə gəlməsinə imkan vermədi. Heydər Əliyevin Özü ermənilərin fitnəkarlıqlarını belə xatırlayırdı: “60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”. Keçmiş ittifaq rəhbərliyinin siyasətinə etiraz edən Heydər Əliyev 1987-ci il oktyabr plenumunda tutduğu vəzifələrdən istefa verdi. Bununla da ermənilərin qarşısındakı sipər aradan qalxdı və onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda açıq fəaliyyətə başladılar. Belə ki, Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində mətbuata verdiyi müsahibəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü.

Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə apardığı uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində cəbhədəki vəziyyətdə dönüş yarandı. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin Beyləqan istiqamətində hücumunun qarşısı alınıb və Azərbaycan Ordusu əks-hücuma keçərək qısa müddətdə 21 min hektar ərazini – Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib. Azərbaycan ordusu bu uğura Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə ruh yüksəkliyi yaratması nəticəsində nail olub. Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu əyani şəkildə göstərib. 1996-cı ildən Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib.

“Əsrin müqaviləsi” imzalandı.

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı. 

Tarixi Lissabon sammiti: Erməni təbliğatına ağır zərbə

1996-cı il dekabrın 2-3-də ATƏT in Lissabon sammiti tarixi hadisə ilə yadda qaldı. Məhz bu sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə qəbul edilən yekunbəyanatda münaqişənin nizamlanmasının üç prinsipini əks etdirənbənd yer aldı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur, o cümlədən, tənzimləmənin şərtlərinə bütün tərəflərin riayət etməsinin təmin olunması barədə qarşılıqlı öhdəliklər götürülür. Lissabon sammitinin yekun sənədində münaqişənin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə edilmiş, ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət Ermənistan olmuşdu. Yəni Ermənistan konsensus prinsipindən sui-istifadə edərək zirvə toplantısının bəyannaməsində öz əksini tapmış müddəalardan birinə-münaqişənin həlli prinsiplərini özündə ehtiva edən 20-ci maddəyə veto qoymuşdu. Ulu Öndər Heydər Əliyev isə həmin maddənin bəyanatın mətnindən çıxarılmasına qəti etirazını bildirərək sammitin bütün sənədlərinə veto qoyacağını bəyan etmişdi. Uzun və gərgin müzakirələrdən sonra 20-ci maddədə öz əksini tapmış bütün prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatında təsbit olunması barədə konsensus əldə edilmişdi. Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi iradəsini, diplomatik gücünü bütün dünyaya, o cümlədən işğalçı Ermənistana göstərmişdi. Hətta o zaman işğalçı ölkənin prezidenti olan Levon Ter-Petrosyan Lissabon sammitinin nəticələrindən bəhs edərkən bu zirvə görüşünü Azərbaycanın diplomatik nailiyyəti və üstünlüyü kimi xarakterizə etmişdi. O, “diplomatik uğursuzluqlarımızın bünövrəsi məhz Lissabon sammitində qoyuldu”,- deyə vurğulamışdı. Həmin L.Ter-Petrosyan bu gün Azərbaycanın tarixi ?ələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsi və yeni reallıqlar yaratması fonunda növbəti gerçəkliyi diqqətə çatdıraraq “Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, -deyə bildirir!

Şuşa bəyannaməsi-iki qardaşın birliyi

Ümummili Lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyətini yerinə yetirdi. Qarabağ 44 günlük Vətən müharibəsində düşmən tapdağından təmizləndi. 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə bütün dövrlərdə olduğu kimi yenə Azərbaycanın yanında oldu. Bu qardaşlıq 2021-ci il iyunun 15-də Şuşada imzalanan bəyannamə ilə bir daha möhkəmləndirildi və müttəfiqliyə çevrildi. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan Respublikasının müstəqillik tarixində ən önəmli hadisələrdən biridir. Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunudur. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə olduqca geniş və demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qardaşlığını və qətiyyətini həm özətləyir, həm də yeniləyir. Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Andlaşmanın bəyannamə formasında qəbul edilməsi də diplomatik və politoloji baxımdan mühüm məqamdır. Belə ki, bəyannamələr – deklarasiyalar rəsmi dövlət sənədi olmaqla daxili və xarici məsələlərdə dövlətin və ya dövlətlərin əsas fəaliyyət prinsiplərini, mövqeyini ehtiva edir və açıqlayır. İndiki halda deklarantlar Şuşadan bəyan etdilər ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar. Şuşa Bəyannaməsindəki “Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər” prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir. “Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər” – bu, iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır.

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”

2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Prezident İlham Əliyev 2022-ci il dekabrın 6-da “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Ağdam rayon 27 saylı tam orta məktəbin direktoru Rahilə Uzakova