19 Mart 2024

“Heydər Əliyev İli” çərçivəsində Ağstafada ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin və Ağstafa rayon Suvarma Sistemləri idarəsinin birgə təşkilatçılığı ilə rayon təşkilatının təsdiq olunmuş iş planına uyğun olaraq Ağstafa rayonu Soyuqbulaq qəsəbəsi və Qıraq Kəsəmən kəndində yerləşən nasos qurğularının ətrafında ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, gənc könüllülər, Ağstafa rayon Suvarma Sistemləri idarəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Aksiya çərçivəsində 80 nəfərin iştirakı ilə 170 ədəd müxtəlif növ ağac əkilib, əkilmiş ağaclar suvarılıb və onlara aqrotexnik qulluq işləri göstərilib. Həmçinin ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb.

Gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulur.