23 Dekabr 2024

Hərb və İnformasiya cəbhələrinin kapitanı: Şöhrət Eyvazov

Ermənilərin boş  qalmış papaqlarıyla hərbi jurnalist Şöhrət Eyvazovun təqdimatında tanış olun!
 
II Qarabağ müharibəsinin xalqımıza bəxş etdiyi qələbə müzəffər Ali Baş Komandanın dəmir yumruğu, əsgərimizin qəhrəmanlıqları və jurnalistlərimizin fədakarlığı sayəsində artıq şərəfli tarixə çevrilib. 
O günləri dönə-dönə xatırlamaq olduqca maraqlıdır. İnformasiya cəbhəsinin fədakar jurnalistlərinin təqdimatında Qarabağ müharibəsinin Zəfər mərhələsi xalqımızın yaddaşında silinməz izlər buraxıb.
Jurnalist həmkarımız Şöhrət Eyvazovla birgə 44 günlük müharibədən, bu müharibədə qazandığımız zəfərimizdən ağızdolusu danışdıq. Söhbətimiz boyu Ali Baş Komandanımızın, ordumuzun bizə bəxş elədiyi qələbədən qürur hissi yaşadıq.
Və bu söhbətimizin əsnasında Şöhrət Eyvazovu yenidən kəşf eləməli olduq. Bu söhbət təsəvvürümüzdə   elinə bağlı, torpağına sadiq, xalqına layiq bir Azərbaycan vətəndaşı obrazı yaratmış oldu .
Təqdimat: Şöhrət Qulam oğlu Eyvazov 1971-ci ildə Bərdə rayonunun İmirli kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. I Qarabağ müharibəsində könüllü olaraq döyüşlərdə iştirak edib. Qardaş Türkiyə Ordusunun Silahlı Qüvvələrində hərbi peşəkarlığın artırılması kurslarında iştirak edib. Tərtər-Ağdərə istiqamətində döyüşlərdə topçu zanit kimi iştirak edib, kapitan rütbəsiylə tərxis olub. Qarabağ müharibəsi veteran Şöhrət Eyvazov obrazlı desək, silahını qələmlə edib.
20 illik  hərbi jurnalistika təcrübəsi olan Şöhrət Eyvazov 2007-ci ildən İctimai Televiziyanın Qarabağ bölgəsi üzrə müxbiridir,  “Tərəqqi” medalına və digər yüksək təltiflərə layiq görülüb. II Qarabağ müharibəsinin informasiya cəbhəsindəki səmərəli fəaliyyətinə görə  “Zəfər Media” mukafatına layiq görülən ilk jurnalisrdir.
 
 -Jurnalist Şöhrət Eyvazov kimdir?-sualımıza aldığımız cavab belə oldu.
-İş baxımından deyirsinizsə bu yaşıma qədər müxtəlif sahələrdə çalışmışam. Ali təhsil aldıqdan sonra  Milli Bankda işləmişəm. I Qarabağ müharibəsində hərbçi kimi tağım və batareya komandiri vəzifələrində olmuşam. 20 ildir ki, hərbi jurnalistika ilə məşğul oluram. Bütün bunlar talehin qismətilə olub.Texniki Universtiteti bitirəndən sonra Azərbaycan  Milli Bankında işə başlamışdım.Həmin vaxtlar vətənimiz üçün ən çətin günlər idi. Aprelin 2-də Kəlbəcər işğal ediləndən sonra işimi,karyeramı kənara qoyaraq könüllü Azərbaycan ordusuna yazıldım. Texniki Universtitetdən aldığım leytnant rütbəsilə zabit kimi torpaqlarımızın erməni terroristlərindən müdafiəsinə qoşuldum.Beləliklə, mənim hərbi yolum başladı.Hərbi hazırlığın artırılması məqsədilə bunun üçün Türkiyə Cümhuriyyətində təhsil aldım.Ancaq təəssüf edirəm ki, sonradan səhhətimlə bağlı olaraq ordudan tərxis olundum.2001-ci ildən hərbi fəaliyyətimi jurnalistika ilə əvəz etməli oldum.
 
Ömrün 50-ci ili   
Bu il həmdə onun 50-ci yaşıdı. İllər necə gəlib, keçdi ondan danışaq.
 
-50-ci yaşınızın doğum günü yaxınlaşır.Bu illərin qışı,yazı,yayı,fəsillərə bənzətsək,hansı daha çox olub?-sualımıza Şöhrət Eyvazov belə cavab verir . 
-Hesab edirəm ki, bu illərin qışı çox olub. Gəncliyimiz müstəqilliyimizin ilk dövrlərinə düşdü. O illəri həm də keçid dövrü hesab etmək olardı.Hansı ki, bir quruluş digərini əvəz edirdi.İqtisadi-siyasi böhranlarla müşahidə olunan dövrü yaşadıq. Yaxşı tərəfi də bu idi ki, biz Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizə aparırdıq.1993-cü ildən 2001-ci ilə qədər cəbhə xəttində xidmət etməli oldum.Yəni gəncliyimiz belə çətin şəraitdə keçdi. Ordumuzun qəhrəmanlığına, vətənpərvərliyinə baxmayaraq müəyyən səbəblərdən başladığımız işi axıra qədər çatdıra bilməmişdik.Düzdü, həmin dövrə tam məğlubiyyət kimi baxmaq olmaz. Xatırlatmaq istəyirəm ki, 93-cü ilin sonunda ,94-cü ilin əvvəllərində ulu öndər Heydər Əliyevin komandanlığı altında Uğurlu Horadiz əməliyyatı olub. I Qarabağ müharibəsində Ağdərənin azad edilməsi, Gülüstanın azad edilməsi döyüşlərini yada salmaq istərdim. Sadəcə, o vaxt belə şərait, birlik yox idi. Ona görə həmişə dediyimiz kimi müharibəni yox , döyüşü uduzmuşduq. Hətta ordunun da qalib, məğlub orduya bölünməsinin də tərəfdarı deyiləm .  Ordu həmin ordudu. Sadəcə ordumuz həmin vaxt yaranırdı.Ordunun yaradılmasında Ulu öndərin təşəbbüsü ilə fəaliyyətə başlamış  Cəmşid Naxçivanski adına ilk hərbi təhsil məktəbinin böyük rolu olmuşdur. Hansı ki, ordumuzun ilk zabitlərinin çoxu həmin məktəbin məzunları idi.Təməli düzgün qoyulan siyasət nəticəsində ordumuzun formalaşması uğurla başa çatdı. Güclü və qüdrətli  Azərbaycan ordusu dünyanın orduları arasında reytinqə sahib oldu. Bu tarixin ən gözəl nəticəsi də  44 günlük müharibədə qazandığımız qələbə oldu.
 
Jurnalistikanın çətin yolu  
 
Jurnalistikaya gəlişindən söhbət düşəndə məlum olur ki, bu  bir təsadüf,yaxud da talenin qismətindən olub. Uşaqlıqdan jurnalistikaya həvəsli olsa da bu sahənin yolçusu olmağı qarşısına məqsəd qoymayıbmış. Günlərin bir günü, daha dəqiqi ordudan tərxis olduqdan sonra özünü hərbi jurnalistikada tapıb. Yaradıcı peşəyə gəlişi də uğurlu olub. 
–       Jurnalistikaya gəlməyim talenin qismətidir.Vətənimin taleyi təhlükədə olduğu üçün hərbini seçmişdim. Jurnalistikaya gəlməyi ağlıma belə gətirmirdim. Qeyd edim ki, jurnalistikaya da marağım az olmayıb. Əvvəllər bir-iki çəkiliş edib həvəskar sorğular aparmışdım. Sanki bir hərbi jurnalist kimi təhlillər edirdim. Hərbi xidmətdən tərxis olunandan sonra bir qrup yoldaşlarla- Emin Həsənli, Taleh Əliyev, Nadir Qədimli ilə birgə “ Hərbi And” qəzetini təsis etdik. Hərbi jurnalistikaya da buradan başlamış oldum. 2005-ci ildə İctimai TV fəaliyyətə başlayanda “ Salam əsgər” verilişində işə qəbul edildim.2007-ci ildə İTV-nin  Qarabağ bürosu təklif olunanda məmnuniyyətlə qəbul etdim. Beləliklə , birinci dəfə hərbçi olaraq döyüşməyə gəldiyim Qarabağa, ikinci dəfə informasiya cəbhəsinin əsgəri kimi gəlmiş oldum. 
–         Ardı var… Növbəti həftəmizdə

Musa Muradlı, Media1.az