04 Mart 2024

Füzuli öz sakinlərinə qucaq açır – köç karvanları ard-arda gedir…

Həcər Mahmudova: “Biz də artan tələbi Füzuliyə qayıdan müəllimlərlə ödəyəcəyik”

Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq. Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü il yaz sessiyası üçün İş Planına daxil edilib. Sessiya müddətində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi ətrafında dinləmələr keçiriləcək.

“Yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 100 mindən çox insan qayıdacaq, məcburi köçkünlərin qaytarılması dövlət proqramı çərçivəsində həyata keçirilir”. “Report” xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçirilir.

Belə ki, ümumilikdə qarşıdakı üç il ərzində 100 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıtması gözlənilir. Səfir bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda yeni reallıqlar yaradıb.

Polad Bülbüloğlu qeyd edib ki, son üç ildə bu ərazilərdə genişmiqyaslı bərpa işləri aparılıb: “Bu günə qədər ölkə büdcəsindən bu məqsədlər üçün böyük maliyyə vəsaiti ayrılıb. Bu, dövlətin öz maliyyə resursları hesabına həyata keçirdiyi münaqişədən sonrakı sürətli yenidənqurmanın unikal və misilsiz modelidir”.

Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur. APA-nın bölgəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva deyib. O bildirib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa tikinti işləri başlayıb:

“İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub, lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa olunur, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər yaxın aylarda tamamlanacaq”.

O bildirib ki, “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələdə təxminən 2024-cü ilin sonunadək bu kənddə əhalinin sayı 1395 nəfər təşkil edəcək: “Növbəti illər üçün kənd əhalisinin sayı təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır”.

Son günlərdə köç karvanının daha çox üz tutduğu məkan Füzulidir. Ötən həftə bütövlükdə bu şəhərə 60 ailənin köçürülməsi təmin edildi və beləliklə, Füzuli şəhərində yaşayan ailələrin sayı 500-ə çatdı.

Bu həftənin ilk günü də Füzuliyə köçlə başladı. Növbəti köç karvanı da yanvarın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 27 ailə – 115 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 527 ailə, 1969 nəfərin daimi məskunlaşması təmin edilib.

“Böyük Qayıdış” proqramı çərçivəsində Füzuliyə keçmiş məcburi köçkünlərin köçürülməsi ilə məktəbdə şagirdlərin də sayı artıb. 960 yerlik Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə bu tədris ilində 123 şagirddən ibarət 11 sinifdə 15 müəllimlə dərslərə başlanılıb. Məktəbin direktoru Həcər Mahmudova bildirib ki, artıq təhsil müəssisəsində şagirdlərin sayı 336 nəfərdir: “Birinci yarımilin son gününə olan məlumata görə, məktəbimizdə elektron sistemdə qeydiyyatdan keçən 336 şagird təhsil alır. Məktəbəhazırlıq qrupu da nəzərə alınmaqla, 12 sinifdə tədris təşkil edilib. Lakin artıq 400-dək şagirdimiz var. Belə ki, Sy.edu.az portalında şagird yerdəyişməsi yanvarın 10-dan ölkə üzrə dayanıb, amma Füzuliyə həmin tarixdən sonra da köç olub və məktəbimizə şagirdlər gəlib, Onların məktəbə rəsmi qeydiyyatı portal açılan kimi həyata keçiriləcək”.

Məktəbin kollektivi Füzuliyə köçən əhali ilə görüşlər keçirir, uşaqları məktəbə cəlb edir və qeydiyyat prosesində hər birinə yaxından kömək göstərirlər. Füzulidə əhalinin artmasıyla əlaqədar məktəbdə şagirdlərin sayı da gündən-günə çoxalır. Şagirdlərin sayının artdığını nəzərə alaraq şagird sıxlığının qarşısını almaq üçün sinif sayları artırılıb: “Fevralın 1-dən ikinci yarımil başlayır. Bu yarımildə 400-ə yaxın şagirdə 1 məktəbəhazırlıq qrupu olmaqla, 20 sinifdə tədris təşkil ediləcək”.

H.Mahmudovanın sözlərinə görə, tədris prosesi 45 nəfər işçi heyəti ilə qurulub: “35 nəfər pedaqoji heyət, 10 nəfər isə texniki heyətdir. İkinci yarım ildən şagirdlərin sayının artması fənn müəllimlərinə tələbatı artırıb. Məktəbimizə yeni müəllimlər də qəbul olunacaq. “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin rayona köçü davam edir. Odur ki, biz də artan tələbi Füzuliyə qayıdan müəllimlərlə ödəyəcəyik. Onların arasında savadlı, peşəkar müəllimlər çoxdur. Sevinirik ki, məktəbimizin müəllim və şagird kontingenti genişlənir”.

Yazını hazırladı: Cavanşir ABBASLI