FHN-dən güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
APA-nın xəbərinə görə, FHN-in müraciətində bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 7-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır.
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Nazirlik xüsusilə yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladır ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.