25 Aprel 2024

Ətraf mühitin mühafizəsində bir olaq, birlik olaq!

Bizi birləşdirən milli dəyərlərdən biri də ətraf mühitin, təbiətimizin qorunmasıdır. Əsrarəngiz təbiətimiz, xüsusilə də milli parklarımız bizim milli sərvətimiz, milli xəzinəmizdir.  

Çox sevinirik ki, digər dəyərlərimiz ətrafında birləşdiyimiz kimi bu işdə də artıq birlik olmaqdayıq.

Qürurlanırıq ki, vətəndaşlarımız təbii gözəlliklərə, təbiət turizminə, onun qorunmasına daha çox diqqət yetirir, milli parklara, təbiət ərazilərinə səyahətlər kütləviləşir. 

Milli parklarda yerli turistlərin sayı ilbəil artır. Bu ilin 5 ayında əvvəlki illərlə müqayisədə rekord sayda ziyarətçi qəbul etmişik.

Təbiət abidələrimizin təbliği, tanıdılması işinin də əhatəsi genişlənib. Bloqerlər, videoqrafların üz tutduğu tematikaların çoxu gözəl təbiət mənzərələrimizin tərənnümünə həsr olunur. Milli parklara gələn turistlər də  təbiət mənzərələrini çəkib, heyrətlərini paylaşır. Məsələn, “bura Bali deyil, Azərbaycandır” kimi statuslara çox tez-tez rast gəlinir. 

Həqiqətən də, Samur-Yalama Milli Parkındakı Xəzər dənizi ilə meşə ekosistemini birləşdirən məkanın gözəlliyindən, Zəngəzur Milli Parkındakı Batabat gölündən, onun səthində üzən torflu ada mənzərəsindən niyə də heyrətlənməyəsən? Şahdağ və Hirkan milli parklarının ərazisindəki şəlalə və kanyonların misilsiz görüntülərindən, Şahdilidən başlamış Göygöldə və Murovdağda bitməyən mənzərələrdən daha harada görmək olar? 

Yeri gəlmişkən, hələ ki ən az ekoturist qəbul edən, lakin ümumdünya əhəmiyyətli Ağgöl Milli Parkına da getmək, lalə çəmənliyini, yarımsəhra və göl ekosistemini birləşdirən, çox zəngin biomüxtəlifliyə malik o məkanın da unikallığını görmək tövsiyə olunur. 

Niyə vəsf edirəm təbiətimizi, milli parklarımızı, özü də təkrar-təkrar? 

İstəyirəm, unutmayaq bizim belə milli xəzinəmiz, sərvətimiz olduğunu. Unutmayaq bu xəzinəni qorumağı, mühafizə etməyi.

Qeyd edim ki, hər bir milli park və təbiət qoruğu ölkə başçısının sərəncamı ilə yaradılıb. Təbiətimizin qorunmasının nə qədər əhəmiyyətli olduğunu, bu məsələnin dövlətimizin xüsusi diqqətində olduğunu bilməyimiz üçün xatırladıram bu məqamı. Özü də ərazimizin kiçik olmasına rəğmən, Azərbaycan xüsusi mühafizə altında olan ərazilərin miqyasına görə dünyanın ən qabaqcıl ölkələri ilə bir sıradadır.

Dövlətimiz yaradıb, milli status verib. Bizə isə bir xalq, bir millət olaraq onun qədrini bilmək və qorumaq qalır. 

Bu gün, 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günündə var olanlarımızı yada salmaq da təsadüfi deyil. İstəyimiz odur ki, bu gün mühafizə olunan təbiət ərazilərimizin miqyası ilə öyünürüksə, ən yaxın zamanda ekoloji şüurumuzu da qabaqcılların səviyyəsinə çatdıraq, bundan sonra onunla da öyünə bilək. Yəni təbiət ərazilərimizi təmiz saxlamaq, arxamızca tullantını toplayıb, zibil qutularına atmaq mədəniyyətini inkişaf etdirmək, təbiətə zərər verməmək, bir sözlə, milli xəzinəmizə sahib çıxmaq vaxtıdır.  

Əminik ki, birlikdə bunun öhdəsindən gəlirik və gələcəyik. Ətraf mühitin mühafizəsində bir olaq!

İradə İbrahimova