27 İyul 2024

5 iyun ətraf mühitin mühafizəsi günü münasibətilə Bərdədə ekoloji aksiya keçirilib

İyunun 3-də 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə Bərdə şəhərindən keçən Tərtər çay yatağında ekoloji aksiya təşkil edilib.

LİVEPRESS-in xəbərinə görə ekoloji aksiyada 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə yanaşı  Bərdə rayon İcra Hakimiyyəti, Bərdə Suvarma Sistemləri İdarəsi, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekoloji İnformasiya İctimai Birliyinin əməkdaşları yaxından iştirak ediblər.

9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Oqtay Şahmarov bildirib ki, aksiya 5 iyun ətraf mühitin mühafizəsi günü münasibətilə təşkil edilib. Aksiyanın regional Ekologiya İdarəsinin əhatə etdiyi bütün rayonlarda keçirilməsi nəzərdə tutulub.

Ekoloji aksiya zamanı iştirakçılar fəallıq göstərmiş, çay yatağının xeyli hissəsi zibilldən təmizlənərək ərazidən çıxarılmışdır.

Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 05 iyunun «Ümumdünya ətraf mühit günü» kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı.