23 Dekabr 2024

Ermənistana heç bir sərhəd güzəşti olmayacaq – Azərbaycan özünə aid olanların hamısını alacaq!

İrəvan yeni status-kvonu qəbullanmaq zorunda; nə Rusiya və KTMT, nə də Fransa və ABŞ bölgədəki yeni reallığı ermənilərin xeyrinə dəyişmək gücündədir…

“Özünə rəva bilmədiyini gərək başqasına da görməyəsən”. Bu müdrik Azərbaycan atalar məsəli neçə vaxtdır ölkəmizi sərhəd pozuntusunda ittiham edib əsassız hay-küy qaldıran Ermənistanın mövcud durumunu yaxşı xarakterizə edir. Halbuki 44 günlük müharibədən sonra sadəcə, iki ölkə arasında Rusiyanın da iştirakı ilə beynəlxalq hüquqa əsaslanan delimitasiya və demarkasiya prosesi gedir. Ermənilər 30 il ərzində qamarladıqları ərazilərimizdən GPS və sovet dönəminin xəritələri əsasında tədricən geri çəkilməli olurlar.

Özünə məxsus olmayanı geri vermək isə daim saxta tarix uydurub bu tarixlə yaşamağa öyrənmiş bədnam qonşular üçün həmişə əzablı olub. Demək, Ermənistan işğalçılıq siyasətinin altını hələ çox çəkəcək. Qarabağın onun olmadığını yavaş-yavaş, ağrılı şəkildə qəbullandığı kimi, sərhəd bölgələrində girəvəyə salıb zəbt elədikləri torpaqlarımızı da tədricən geri verməli olacaq.

*****

Bu proses zor-xoş gedəcək. Çünki iki ölkənin birgə yaşayışı yalnız beynəlxalq hüquq normalarına hörmət əsasında bərqərar ola bilər. Ermənistan adlı qondarma dövlət bölgədə, nəhayət, beynəlxalq hüquq çərçivəsində davranmağı, özünü aparmağı öyrənməlidir. Söhbət habelə Ermənistanın havadarlarından gedir. Ona görə ki, bu qəbilə dövləti xeyli dərəcədə onların hesabına ayaqdadır və onlara arxayın olaraq, Azərbaycana və Türkiyəyə qarşı aqressiv ritorikasını davam etdirir.

Ancaq zaman yetişib ki, İrəvan rəsmiləri ona-buna yalvarmaqdan, Makrona, Putinə, “Sem dayı”ta zəng edib onları bezdirməkdən və öz zibillərinə şərik eləmək şakərindən əl çəksinlər və beynəlxalq hüquqa, imza atdıqları BMT Nizamnaməsinə sayğılı davransınlar. Ermənistandan yeganə tələb olunan budur.

Heç kəs onların “cib dövləti”nə göz dikməyib. Onu da hamı bilir ki, Ermənistan adında dövlət əslində mövcud deyil, sadəcə, bu adda faktiki Rusiyanın ucqar quberniyası mövcuddur. O zaman Azərbaycan Rusiya ilə niyə qarşı-qarşıya gəlməlidir? Üstəlik, Moskva özü də bilə-bilə ki, nə Azərbaycan, nə də Türkiyə onun forpostunun ərazisinə girməyib, girməyə hazırlaşmır, buna lüzum da yox.

Kapitulyasiya edən və layiqli cəzasını alan Ermənistandan yerinə yetirməli olduğu tək şey – bunu həm də onun şəriksiz yiyəsi Rusiya istəyir – 10 noyabr üçtərəfli sazişi ilə öz üzərinə götürdüyü yazılı öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməsidir, yenə vaxtı uzatmağa çalışması yox. Bundan ötrü o, öncə qeyd-şərtsiz Azərbaycanın, Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Tanımalıdır ki, Azərbaycan və Türkiyə də onun ərazi bütövlüyünü tanısın – əgər “Türk təcavüzü”ndən dolayı bunca təlaş keçirirlərsə…    

Amma diqqət edin. Azad edilən qədim yurd yerlərimiz erməni mediasında hələ də eybəcər adlarla təqdim edilməkdədir. Özlərinə hələ də bu yolla təsəlli verir xain qonşular. Bilə-bilə ki, “miatsum qatarı” gedib və bir daha geri dönməyəcək. 

Şübhəsiz, məhz işğalın on illərlə uzanması mənfur toplumda əminlik yaradıbmışdı ki, o torpaqların həqiqi sahibi qayıtmayacaq və onlar nəinki keçmiş DQMV ərazisini, onun ətrafındakı 7 rayonun da işğalını legitimləşdirə biləcəklər. Ermənilərin gənc nəslinin beynini illərdir məhz bu xam xəyallarla doldurmuşdular.

*****

Müxtəsəri, İrəvan, dünya erməniliyi bölgədəki yeni status-kvo ilə barışmaq zorundadır. Nə Rusiya və KTMT, nə də Fransa və ABŞ bölgədəki yeni reallığı ermənilərin xeyrinə dəyişmək gücündədir. Heç kim də erməni avantürasına görə Azərbaycan və Türkiyə ilə münasibətləri korlamaq fikrində deyil, olmayacaq. Bunu gözləyənlər boşuna gözləyir.

Andrey Petrov: Sərhədlərin açılması Azərbaycan iqtisadiyyatına müsbət təsir  edəcək - İki sahil

Andrey Petrov

Bu xüsusda rusiyalı tanınmış analitik Andrey Petrov tamamilə haqlıdır deyəndə ki, Moskva və Bakı delimitasiya və demarkasiya məsələsində hazırda eyni mövqedədir.

“Təəccüblü deyil ki, 10 mayda Bakıda iki tərəf arasında keçirilən görüşlərdə 9 noyabr və 11 yanvar 3 tərəfli bəyanatlarını həyata keçirmək üçün Azərbaycanla Rusiyanın daha yaxın təmasda olmasının zəruriliyi məxsusi vurğulandı. Rusiya həmçinin Sergey Lavrovun dili ilə Ermənistanda yaşanan anti-Azərbaycan ovqatının neqativ mahiyyətini etiraf elədi. Əslində keçən ilin 10 noyabrından üzü bəri Cənubi Qafqazda sabitləşmə üzrə yalnız iki oyunçu var – Rusiya və Azərbaycan. Ermənistan artıq Moskvanın tam nəzarətinə keçib. Altı aydan sonra da heç nə dəyişməyib: Rusiya rəsmiləri öhdəliklərin yerinə yetirilməsini izləmək və Ermənistan rəhbərliyinin bundan sonra nə etməli olduğunu ona diktə eləmək üçün İrəvana gedir, Bakıya isə artıq nələrin edildiyini və iki ölkənin bundan sonra nəyin üzərində birgə işləməli olduğunu danışmaq üçün gəlirlər”, – deyə o qeyd edib.

“Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxladığına görə düşünürdü ki, bu, əbədi olacaq. Buna görə də Azərbaycan torpaqlarının bir hissəsini özünə birləşdirmişdi. Azərbaycan işğala son qoyub və sərhədlərimizi müəyyənləşdiririk. Bu, belə də olmalıdır, sadəcə, ermənilər buna alışmayıblar. Ona görə də haray-həşir salırlar”.

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Elxan Şahinoğlu 

Bu sözləri isə politoloq Elxan Şahinoğlu deyib. Onun qənaətincə, bizə aid əraziləri Azərbaycan sərhədçilərinin nəzarətə götürməsi Ermənistanda parlament seçkiləri öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mövqelərini zəiflədir: “Ona görə də o və onun nazirləri Moskvaya zənglər edir, yalvarır və Azərbaycandan şikayət edirlər. İrəvan prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da qoşmaq istəyir. İrəvandan Moskvaya edilən çoxsaylı zənglərin və yalvarışların nəticəsidir ki, Azərbaycanı yenicə tərk edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. Nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Lavrova yəqin o da təsir edib ki, əgər Ermənistanla Azərbaycan arasında gərginlik yenə də artıbsa, demək, onun bölgəyə səfərinin nəticəsi olmayıb”.

Lakin Şahinoğlu hesab edir ki, Rusiya XİN rəhbəri Azərbaycana səfər etdi deyə, biz öz haqlarımızdan imtina edəsi deyilik: “Əksinə, Moskvaya anlatmalıyıq ki, bizə aid olanların hamısını geri qaytaracağıq. Biz doğru bildiyimiz işi davam etdirməliyik. Torpaq məsələsində güzəşt ola bilməz. Ermənistan müharibədən zəif düşüb, bundan maksimum istifadə etmək lazımdır. Rusiya hərbçilərinin Qarabağda yerləşdirilməsi bizə sərhədlərimizi müəyyənləşdirməyə mane olmamalıdır”.

*****

Əlbəttə ki, bundan ötrü Azərbaycan Ermənistan üzərində əzici hərbi və iqtisadi üstünlüyünü saxlamalı və artırmağa davam etməliyik. Son sərhəd olayları da göstərdi ki,  “Dəmir yumruğu” daima saz vəziyyətdə saxlamalıyıq.

Yeri gəlmişkən, artıq iki gündür ordumuz növbəti genişmiqyaslı təlimə başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 20-dək davam edəcək təlimlərdə Azərbaycan Ordusunun qoşun növləri cəlb edilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Azərbaycan Ordusu geniş təlimlərə başladı

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilir. Qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Göründüyü kimi, budəfəki təlimlərin hədəfi həm də antiterror əməliyyatına hazırlıqları gücləndirməkdir. Nə qədər ki, Qarabağda erməni qanunsuz dəstələri qalmaqdadır, Azərbaycan Ordusu kazarmalarda sakitcə otura bilməz. Sonuncu erməni qulduru torpaqlarımızı tərk etməyincə və ya məhv edillməyincə, yaxud ələ keçməyincə bölgədə heç bir daimi sülhdən söhbət gedə bilməz! Elə Ermənistanla sülh anlaşmasından da…  

Siyasət şöbəsi