02 Mart 2024

Erkən və qohum nikahlarla mübarizə mövzusunda növbəti təlim Şamaxıda keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan “Erkən və qohum nikahlarla mübarizədə region təmsilçilərinin bilik, bacarıq və təcrübələrinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti təlim Şamaxı rayonunda keçirildi.

Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat şöbəsi, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş və digər aidiyyətli struktur təmsilçilərinin iştirakı ilə YAP Şamaxı rayon təşkilatının zalında təşkil olunan təlimə 30 nəfər yerli təmsilçi cəlb olunmuşdu. İştirakçılar təlim vasitələri (qovluq, bloknot və qələm) və mövzuya dair və İB tərəfindən hazırlanan kitabça ilə təmin olundular.   

Təlim kursunun açılışında YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon icra hakimiyyəti, rayon gənclər və idman idarəsi, aidiyyətli struktur rəsmiləri çıxış edərək, bu maarifləndirici layihənin bölgə təmsilçiləri üçün fayda və əhəmiyyətini müsbət qiymətləndirdilər.

ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli layihəyə dəstək verən QHT Agentliyinə öz təşəkkürünü bildirərək, 3 ay ərzində Masallı, Biləsuvar, Şamaxı və Kürdəmir rayonunda icra olunan layihənin erkən və qohum nikahların gənclərə, onların tibbi-psixoloji, sosial-hüquqi durum, vəziyyətinə və ümumilikdə monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizədən və bu sahədə vacib alət və mexanizmlərin aşılanması və tətbiqindən danışdı.

Sonra təlim ekspert Gülnarə Bağırovanın proqram mövzularına uyğun aparıldı, interaktiv, iştirakçıların da fəal iştirakı ilə davam etdirildi. Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı region gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlim sonda iştirakçıların qiymətləndirməsi və gələcək əməkdaşlıq şəbəkəsinin qurulması təşəbbüsü ilə yekunlaşdı. 

   ADTGT İctimai əlaqələr və informasiya departamenti