27 İyul 2024

Enerji diplomatiyamızın növbəti uğuru

Buxarestdə imzalanan «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» ölkəmizin müəllifi olduğu tərəfdaşlıq formatına, şaxələndirmə siyasətinə marağı artırır

Bakıda, ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”» mövzusunda beynəlxalq konfransda qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanın geostrateji əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və səyləri regional əhəmiyyətə malikdir. Aktual, eyni zamanda, qlobal miqyaslı geosiyasət, təhlükəsizlik, iqtisadiyyat, enerji ilə təminat məsələlərini əhatə edən Orta Dəhliz layihəsinin əsas iştirakçılarından olan, Avropa ölkələrinin enerji ilə təminatında rolu artan Azərbaycan artıq bərpaolunan enerji mənbələrindən istifadə sahəsində zəngin təcrübəyə malikdir.

Bu günlərdə Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»”in imzalanması mərasimində ölkəmizin enerji diplomatiyasının uğurlarından bəhs edən Prezident İlham Əliyev imzalanan sənədi uzunmüddətli əməkdaşlıq üçün təməl adlandırmışdır. Rumıniya Prezidenti Klaus Yohannis «Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq» sözləri ilə ölkəmizin həqiqi mənada Orta Dəhliz layihəsinin əsas tərəfdaşı olduğunu bildirib. Azərbaycanın enerji təhlükəsizliyindəki roluna və şaxələndirmə siyasətinə daim dəstək göstərən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen də bu Sazişi Avropa İttifaqı ilə Cənubi Qafqazdakı tərəfdaşlar arasında enerji körpüsü adlandıraraq bərpaolunan enerjiyə geniş diqqət ayrılmasının vacibliyindən söz açıb: «Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.»

Bu sözlər sübut edir ki, Avropanın enerji təhlükəsizliyinə töhfə olan Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır. Buxarest görüşündə də Azərbaycanın enerji diplomatiyasının uğurunu şaxələndirmə siyasətinin məntiqi nəticəsi adlandıran Prezident İlham Əliyev bu ilin iyul ayında xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunu təməli qoyulan dördtərəfli əməkdaşlığın ilk addımları kimi dəyərləndirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə «Romqaz» arasında imzalanan müqaviləyə əsasən, 2023-cü il yanvarın 1-dən ölkəmizdən Rumıniyaya qazın təchizatı ilə respublikamızın enerji xəritəsi Avropanın digər istiqamətlərini də əhatə edir. Beləliklə, Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunması üçün təbii qaza olan tələbat Azərbaycanın resursları hesabına ödəniləcək. Bu Sazişi Avropaya açılan yeni enerji körpüsü adlandıranların vurğuladıqları kimi, qlobal layihələri ilə dünyanın enerji xəritəsini dəyişən, Avropanın mühüm elektrik enerjisi təchizatçısı Azərbaycanın yaşıl enerji ilə təminat sahəsində də rolu artır. Azərbaycanın bərpaolunan enerji potensialı, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2027-ci ilə qədər ölkəmizdə 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsalı da planlaşdırılır ki, onların 80 faizi ixrac olunacaq. 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması da nəzərdə tutulur.

Prezident İlham Əliyev Buxarest Sazişini Azərbaycanın, Gürcüstanın, Macarıstanın, Rumıniyanın Avropa İttifaqı ilə sıx əməkdaşlıq və birgə fəaliyyətini şaxələndirmə siyasətinin yeni istiqaməti kimi dəyərləndirib. Yeni Sazişin tərəfdaşları geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi sahəsindəki aktual məsələlərin həllində təşəbbüskarlığı ilə fərqlənən, Azərbaycanın, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olmasını təqdirəlayiq hal, ölkəmizi etibarlı tərəfdaş kimi qiymətləndiriblər.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü də ölkəmizin enerji siyasətinin beynəlxalq miqyasda dəstəklənməsinin daha bir nümunəsi oldu.

Görüşdə hər iki dövlət arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu, ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməl yarandığı vurğulandı. Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power”» şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirildi. Görüşdə alternativ, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olması, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində Səudiyyə Ərəbistanı şikətlərinin iştirakı məmnunluqla qeyd edildi.

Hər iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsini mühüm hadisə adlandıran Xalid bin Əbdüləziz Əl-Falih Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi layihələri, Rumıniyada imzalanan Sazişi əməkdaşlıq münasibətlərinə mühüm töhfə adlandırıb.

Xatırladaq ki, Bakı Enerji Həftəsi çərçivəsində Şuşada keçirilən «Xalis sıfra aparan yol: İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının inkişafı»” mövzusunda xüsusi sessiyada da Azərbaycanın yaşıl enerji siyasəti qabaqcıl təcrübə kimi dəyərləndirilmişdir. Bildirilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq prosesi çərçivəsində 20 meqavatlıq elektrik stansiyalarının istismara verilməsi Şuşa da daxil olmaqla bu ərazilərdə 19 yarımstansiyanın inşa və bərpa edilməsi Azərbaycanın dünyada enerji təhlükəsizliyi ilə bağlı mövqeyini möhkəmləndirir. Strateji hədəflər isə daha böyükdür: «Bu ərazilərin yenidən qurulmasına enerji dayanıqlılığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə əməkdaşlıq müstəvisində nail olmaq!»

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı «Yaşıl enerji» zonası” elan etməsi isə mütərəqqi inkişaf siyasətinin nümunəsidir. Mədəniyyət mərkəzimiz Şuşanın artıq «Yaşıl enerji» zonası”na çevrilməsi, bərpaolunan enerji mənbəyi kimi çoxmilyardlı investisiya layihələrinin əsasən Ermənistanın işğalından azad edilmiş ərazilərdə həyata keçirilməsi daxili və xarici investorlar üçün cəlbedici olmaqla beynəlxalq enerji sisteminə verilən töhfədir.

Göründüyü kimi, Azərbaycan, Gürcüstan, Avropa arasında yaşıl enerji ticarətinin inkişafı ilə bağlı imzalanan Saziş, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar»” və «ACWA power»” şirkətləri ilə bağlanan müqavilələr Azərbaycanda külək və günəş enerjisi istehsalına investisiya qoyuluşuna marağı daha da artırır. Nəzərdə tutulan layihələrin həyata keçirilməsi ilə yaranan bərpa olunan enerji ətraf mühitin çirklənməsi probleminin aradan qaldırılmasına da kömək edəcək. İmzalanan hər sənəd isə əlavə dostlar qazanmaq, Avropada yaxşı tərəfdaşlar tapmaq deməkdir. Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Avropaya elektrik xətlərinin çəkilməsi, rabitə kanallarının yaranması Azərbaycanın maliyyə gəlirlərini artırmaqla ölkəmizə siyasi dividendlər vəd edir, dövlət siyasətimizin əsas məqsədi olan qeyri-neft sektorunun inkişafını sürətləndirir.