04 Noyabr 2024

Bu il Yeni il süfrəsi neçəyə başa gələcək?FOTO

Ekspert deyir ki, vətəndaşların qənaətetmə imkanları da tükənib…

Yeni ilin gəlişinə artıq 10 gün qalıb.  Əksəriyyət indidən bayram süfrəsi hazırlıqlarına başlayıb. Çünki məlum məsələdir ki, adətən, hər bayram öncəsi bazar və mağazalarda meyvə-tərəvəzin, ərzaq məhsullarının satışında xeyli süni bahalaşma olur.

Qeyd edək ki, artıq bir neçə ildir bayram ərəfəsində süni bahalaşmanın qarşısının alınması, qiymətlərin tənzimlənməsi üçün paytaxtın müxtəlif ərazilərində “Kənddən şəhərə” yarmarkaları təşkil olunur. Bu il də dekabrın 17-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi Bakı və Abşeron ərazisində yarmarkalar təşkil edib. Məlumata görə, 30 dekabra qədər davam edəcək yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-yə yaxın regiondan 70-dən artıq fermer iştirak edir, hansı ki, onlar da 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 20,1 faiz qalxıb. Noyabrda aylıq müqayisədə isə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,2 faiz bahalaşıb. Bayram ajiotajı artdıqca xüsusən də qırmızı ət, yağların qiymətində daha da artımlar müşahidə olunur.

Bəs hazırda bazarda ümumi ərzaq məhsullarının qiyməti necədir?

Məsələni yaxından araşdırmaq üçün Bakının “8-ci kilometr” adlı bazarında olduq. Soyuq hava şəraiti olduğundan bazarda alıcılar o qədər də gözə dəymirdi. Qiymətlər isə aşağıdakı kimidir:

Hinduşka 40-45 manat, xoruz 18-20 manat, kənd toyuğu 13-15 manat, 1kq sümüklü dana əti 12-12,5 manat, sümüksüz dana əti 16-16,5 manat, 1kq kərə yağı 19,60 manat, 1 kq düyü 3,20 manatdan başlayan qiymətlərlə. Kənd təsərrüfatı, meyvə və tərəvəzlərin qiymətlərində isə hələlik bahalaşma hiss olunmur.

1 kq kartof 1-1,30 manat, soğan 1 manat, 1kq kələm 50 qəpik, 1 kq pomidor 1,20-2 manat, 1 kq mandarin 0,80-1,30 manat, 1 kq xurma 0,80-1,5 manat, 1 kq nar 0,70-1,5 manat, 1 kq əzgil 1,5-3 manat, 1 kq heyva 0,50-0,70 manat, 1 kq alma 0,70 manatdan başlayan qiymətlərlə, “qızıl əhmədi” alması 1 kq 2-2,5 manat, 1 kq banan 2,50-3 manat, 1 kq qoz ləpəsi 9-20 manat, 1 kq fındıq ləpəsi 10-12 manat, 1 kq şabalıd 6-10 manat.

Bəs, orta statistik Azərbaycan ailəsi üçün bu ilki Yeni il süfrəsi neçəyə başa gələcək?

Mövzu ilə bağlı iqtisadi ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “İndiki şəraitdə bu haqda danışmaq çətindir. Çünki bu birbaşa insanların gəlirləri ilə bağlıdır. Vətəndaşlar adətən Yeni ilə xüsusi hazırlaşırdılar. Hətta bəzən vəsaitlərinə qənaət edirlər ki, qarşıdakı Yeni il süfrələri yaxşı olsun. İndi isə bu qənaətetmə imkanları məhdudlaşıb. Hər şeyin baha olduğu, qiymətlərin sürətlə artdığını nəzərə alsaq bu qənaətetmə imkanları tükənir. Ona görə də vətəndaşlarımız bu il gəlirlərinə, imkanlarına uyğun olaraq Yeni il süfrəsi açacaqlar.

Amma ümumilikdə, orta statistik Azərbaycan ailəsi üçün bayram süfrəsinin ən azı 200 manata başa gələcəyini düşünürəm”.

Xalidə Gəray
“Yeni Müsavat”