11 Oktyabr 2024

Ədliyyə sisteminin inkişafında əsaslı dönüş mərhələsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı gününün artıq 24 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

Azərbaycan ədliyyəsininin tarixinə nəzər yetirəndə görürük ki, Azərbaycan Xalq Cümhuriyyəti yarananda təsis olunan ilk nazirliklərdən biri ədliyyə nazirliyi olub. Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən ədliyyə nazirliyi üzərinə düşən missiyanı şərəflə yerinə yetirmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi var. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ədliyyə sahəsində də effektiv addımlar atılıb. Bu dövrdə təsis olunmuş Ədliyyə Nazirliyi öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, məhkəmə aparatları tədricən işini bərpa edib, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq hüquq kursları təşkil edilib və bununla da peşəkar kadrların formalaşdırılması işinə start verilib. Həmin dövrdə ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Cəzaçəkmə yerləri ilə bağlı aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, AXC-nin yaranmasından 1,5 il keçməsi münasibətilə ümumi amnistiya haqqında qanun və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılıb və bu qurumun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib.

Ədliyyə sisteminin inkişafında əsaslı dönüş mərhələsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Ümummilli Liderimizin  hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz bərqərar olmuş, ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur.

Azərbaycan ədliyyəsinin  davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürüdür. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulamalıyıq. Ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm əhəmiyyətə malikdir.

Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü işlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil etdiyini nəzərə alsaq, hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən bu cür köklü və sistemli islahatların uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlər qazanılmışdır.

Əminliklə demək olar ki,peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşməklə bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcək, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklər.

Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri