27 İyul 2024

Düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası

Azərbaycan – İraq əlaqələri tarixi zəmanənin özü qədər qədim dövrlərə gedib çıxır və təbii olaraq dəyişən zəmanənin tələblərindən doğan zərurətlə yenilənməyə ehtiyacı vardır. Hətta Sovet İttifaqı dönəmində də İraq dövlətinin Bakıda konsulluğunun fəaliyyət göstərməsi Azərbaycan – İraq münasibətlərinə nə qədər önəm verilməsini özündə əks etdirirdi. Azərbaycan və İraq beynəlxalq aləmdə hər zaman bir-birinin yanında olan ölkələr olmuşdur.

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxışı zamanı dövlət başçımız bildirib ki, biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik: “İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik”.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri əlaqələrin davamlığına əsaslanır. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması bu əlaqələrin təməlinin möhkəmləndirilməsinə və genişləndirilməsinə yeni prespektivlər açır. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzalanması əlaqələrin davamlığına söykənir. Səfər çərçivəsində gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirilib.

Bu gün Azərbaycan regionda lider dövlətdir. Bizim uğurlu siyasətimiz, inkişaf etmiş iqtisadiyyatımız, yenilməz ordumuz və güclü liderimiz vardır. Azərbaycan xalqı bundan sonra da təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə dəstək verərək Müzəffər Ali Baş Komandan cənab prezidentimiz İlham Əliyevin ətrafında daha da sıx birləşəcək, yeni hədəf və uğurlara doğru inamla irəliləyəcəkdir!

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi