27 İyul 2024

Bu gün Kəlbəcər öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir

Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Kəlbəcər rayonudur. “Kəlbəcər” sözünün mənşəyi qədim türk dilində (ilkin forması Kevilçer kimi qəbul edilib) “çay üstündə qala ” deməkdir. 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Camış dağındadır. Burada ərazinin çox hissəsini meşəlik təşkil edir. Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. 2020-ci il 15 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Ermənistan əhalisi məğlubiyyətlə barışa bilməyərək bölgədə ekoloji terror həyata keçirmişlər. Nəhayət, 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu bir güllə belə atılmadan işğaldan azad edildi. Azərbaycan Respublikasının Silahlı qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.

44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi. Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular və Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcəkdir. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi