24 Fevral 2025

Dünyada koronavirusla bağlı son durum: bu ölkələr artıq qadağaları aradan qaldırırlar…

Dünyada koronavirisdan ölənlərin sayı 3,5 milyonu ötüb.

Media1.az Musavat.com-a istinadən  bildirir ki, rəsmi statistikaya əsasən dünyada koronavirus pandemiyası səbəbindən dünyasını dəyişənlərin sayı 3.549.718 nəfər, ümumilikdə yoluxanların sayı isə 170.668.426 nəfərə çatıb. Yoluxanların yalnız 152 milyonu xəstəliyə qalib gələrək sağalıb.


ABŞ-da koronavirusa yoluxanların sayı 34 milyona çatıb. 610 minə yaxın insan isə virusun qurbanı olub.

Rəsmilər koronavirusa qarşı sürətli vaksinasiya prosesini qarşılarına məqsəd kimi qoyublar. Hətta bəzi ştatlarda vaksinasiyanın təbliği üçün müxtəlif həvəsləndirici addımlar da atılır. Məsələn, Kaliforniya ştatında ictimaiyyəti peyvənd olmağa təşviq etmək üçün 116.5 milyon dollarlıq mükafat paylanması qərarına gəlinib.

Kaliforniya valisi Qevin Nevsom bu barədə açıqlama verib. O qeyd edib ki, ştatda 20 milyondan çox insana peyvənd vurulub. 4 iyundan etibarən vaksinasiya proqramına daxil olanlara pul mükafatı veriləcək. Nevsomun sözlərinə görə başladılan kampaniya çərçivəsində ümumilikdə 116.5 milyon dollar mükafat paylanacaq.

Ümumilikdə isə ABŞ-da əhalinin tam yarısının peyvənd olunduğu deyilir. Artıq 12 yaşdan yuxarı yeniyetmələrin də vaksin olunacağı haqda məlumatlar yayılır. Bununla bağlı bir neçə gün öncə “Moderna” şirkəti istehsal etdiyi vaksininin 12 yaşlı uşaqlarda da effektli olduğunu elan edib. Şirkət iyunda yeniyetmələrlə bağlı datasını ABŞ-da və digər yerlərdə qlobal tənzimləyicilərə təqdim edəcəyini açıqlayıb. “Moderna”dan sonra “Pfizer & BioNTech” vaksinlərinin də 12 yaşlı uşaqlara vurulması təsdiqlənib.

_112410389_gettyimages-1209278377.jpg (22 KB)

Prezident Co Bayden iyulun 4-dək böyüklərin 70 faizinə azı bir dozanın vurulmasını hədəf qoyduğunu deyib. Hazırda bu rəqəm 62 faizdir.

Hindistanda son bir neçə həftədir ki, gündəlik yoluxma sayında nisbi azalmalar müşahidə olunur. Bununla belə mütəxəssislər rəsmi rəqəmlərin heç də ölkədə pandemiyanın real səviyyəsini əks etdirmədiyini iddia edir.

Qeyd edək ki, Hindistan 27,8 milyon yoluxma sayı ilə ABŞ-dan sonra ikinci, 326 minə yaxın ölüm faktı ilə Braziliyadan sonra üçüncü sıradadır.

Ölkədə gündəlik yoluxmalar nisbətən səngisə də, bunu ölüm faktları ilə bağlı demək olmur. Mütəxəssislər bunun səbəbini yoluxma və öldürücülük qabiliyyəti yüksək olan, sürətlə yayılan B.1.617 ştammı ilə əlaqələndirir.

Xatırladaq ki, ilk dəfə Hindistanda aşkarlanmış bu mutasiya artıq 53 ölkədə və ərazidə qeydə alınıb.
Dehlidə hakim orqanlar koronavirusun valideynsiz qoyduğu uşaqların təhsilinə sponsorluq edəcəyini, onlara maliyyə yardımı ayrılacağını bildirib. Valideynlərini itirmiş uşaqlar 25 yaşına çatanadək aya 2 min 500 rupi (35 dollar) alacaqlar, təhsil haqqını Dehli hökuməti ödəyəcək.

İsraildə isə əhalinin böyük əksəriyyəti tam vaksin olunduğu üçün 1 iyundan etibarən ölkədə bütün məhdudiyyətlər ləğv ediləcək. Bu barədə bir həftə öncə İsrail səhiyyə naziri Yuli Edelşteyn bildirib. Beləliklə, İsrail gələn həftədən əvvəlki normal həyatına geri dönəcək.

Qonşu Gürcüstanda da iyunun 1-dən etibarən müəyyən məhdudiyyətlər aradan qaldırılacaq. Belə ki, ictimai iaşə obyektləri üçün istirahət günlərində tətbiq edilən məhdudiyyətlər aradan qaldırılacaq, quru sərhədləri açılacaq. Bununla belə kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.

Məhdudiyyətlərin aradan qaldırılması da müəyyən qaydalara əsaslanacaq. Məsələn, yalnız vaksinasiya sertifikatı və PCR testinin mənfi nəticəsi və ya son 72 saat ərzində edilmiş PCR testinin mənfi nəticəsi olan turistlər Gürcüstana daxil ola biləcəklər. Hətta bu halda belə həmin turistlər növbəti 72 saatdan sonra testi təkrarlamalı olacaq.

Fransa isə koronavirusa qarşı mübarizə məhdudiyyətlərini artırmaq qərarına gəlib. Ölkədə aşkarlanan koronavirusun Hindistan ştamının sürətlə yayılması narahatlıq doğurub. Birləşmiş Krallıqdan gələnlərə qarşı on günlük məcburi karantin rejimi tətbiq olunacaq. Bununla da Böyük Britaniya da Fransanın karantin tətbiq etdiyi Argentina, Bəhreyn, Banqladeş, Braziliya, Çili, Kolumbiya, Kosta Rika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika, Hindistan, Nepal, Pakistan, Qətər, Şri-Lanka, Türkiyə, Uruqvay, Qvineya kimi ölkələrin siyahısına daxil olub.

Karantin rejimi tətbiq olunan səyahətçilərin bu rejimə riayət etməsi polis tərəfindən ciddi yoxlanılacağı və karantin rejiminə riayət etməyənləri 1000-1500 avro civarında cərimə ediləcəyi bildirilir.
Qeyd edilir ki, Almaniya, Böyük Britaniya və Fransadan gələn səyahətçilərə karantin rejimi tətbiq etdiyi üçün Fransa da müvafiq qərarı qəbul edib.

Qeyd edək ki, bu günə qədər Fransada koronavirusla bağlı 5,6 milyondan çox yoluxma, 110 minə yaxın ölüm faktı qeydə alınıb.